Son dəqiqə

Türkiyə İsrail Ankara Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Tel-Əviv

MİT Türkiyədə MOSSAD casuslarını zərərsizləşdirib

BAKI,TurkicWorld, Fərid Mikayılov

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İsrailin kəşfiyyat xidməti MOSSAD-a bağlı casusluq fəaliyyəti ilə məşğul olan şəxslərə qarşı İstanbulda genişmiqyaslı əməliyyat həyata keçirib.

TurkicWorld xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu və İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi ilə birgə keçirilən “MONİTUM” əməliyyatı çərçivəsində MOSSAD adına casusluq fəaliyyəti göstərdiyi müəyyən edilən Mehmet Budak Derya və Veysel Kerimoğlu saxlanılıb.

Təhlükəsizlik mənbələrinin məlumatına görə, mədən mühəndisi olan Mehmet Budak Derya 2005-ci ildən etibarən beynəlxalq ticarət fəaliyyəti vasitəsilə İsrail kəşfiyyatının diqqət mərkəzinə düşüb.

2012-ci ilin sentyabrında “Ali Ahmed Yassin” kod adlı şəxs tərəfindən ofisində ziyarət edilən Derya, 2013-cü ilin yanvarında Avropaya dəvət olunaraq MOSSAD əməkdaşları ilə ilk birbaşa təmas qurub.

İstintaq materiallarında bildirilir ki, Derya MOSSAD-ın göstərişi ilə Fələstin əsilli Türkiyə vətəndaşı Veysel Kerimoğlunu prosesə cəlb edib. Kerimoğlu Yaxın Şərqdəki əlaqələrindən istifadə edərək İsrail əleyhinə fəaliyyət göstərən fələstinli şəxslər barədə məlumatlar toplayıb və Qəzza zolağındakı kritik obyektlərin fotoşəkillərini İsrail tərəfinə ötürüb.

Məlumata görə, Kerimoğlunun maaşı və əməliyyat xərcləri birbaşa MOSSAD tərəfindən maliyyələşdirilib.

Araşdırma zamanı 2016-cı ildə Tunisdə qətlə yetirilmiş mühəndis Mohamed Zouari ilə bağlı da diqqətçəkən faktlar üzə çıxıb. Saxlanılan şəxslərin Zouari ilə suiqəsddən öncə kommersiya əlaqəsi qurduğu və pilotsuz uçuş aparatlarına aid hissələrin satışı üçün danışıqlar apardığı müəyyən edilib.

Bundan əlavə, Mehmet Budak Deryanın kriptolu rabitə sistemlərindən istifadə etdiyi, Türkiyədən əldə olunan SIM kartlar, modemlər və digər texniki avadanlıqların məlumatlarını İsrail kəşfiyyatına ötürdüyü aşkarlanıb.

İstintaq çərçivəsində 2026-cı ilin yanvarında Avropada keçirilən son görüşdə MOSSAD-ın genişmiqyaslı beynəlxalq logistik əməliyyat planlaşdırdığı məlum olub. Plan çərçivəsində saxta şirkətlər vasitəsilə beynəlxalq təchizat zəncirinə sızma və məhsulların Asiya mərkəzli şirkətlər üzərindən yönləndirilməsi nəzərdə tutulub.

MİT-in operativ nəzarəti nəticəsində planın son mərhələsində əməliyyat həyata keçirilib. Saxlanılan şəxslərlə bağlı istintaq tədbirləri davam etdirilir.

Mövzuya görə xəbərlər