BAKI, TurkicWorld, Orxan Qədirzadə
Ankara Esenboğa Beynəlxalq Hava Limanından havaya qalxan xüsusi təyyarə ilə əlaqənin kəsildiyi bildirilib. Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisini və onu müşayiət edən nümayəndə heyətini daşıyan təyyarənin qısa müddət sonra qəzaya uğradığı və qəzanın baş verdiyi ərazinin müəyyən edildiyi açıqlanıb.
TurkicWorld-un məlumatına görə, təyyarə Ankaradan havaya qalxdıqdan az sonra hava hərəkətinə nəzarət sistemləri ilə əlaqəni itirib. Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə axtarış-xilasetmə qrupları, fövqəladə hallar üzrə xidmətlər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya hadisə ilə bağlı ilkin məlumat verib. Nazir bildirib ki, xüsusi təyyarənin göyərtəsində Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi də daxil olmaqla ümumilikdə dörd nəfər olub.
Əldə edilən məlumatlara əsasən, uçuşdan qısa müddət sonra təyyarədə texniki problem yaranıb. Pilotun hava hərəkətini idarə edən xidmətlə əlaqə saxlayaraq uçuş aparatında elektrik sistemində nasazlıq baş verdiyini bildirdiyi qeyd olunub.
Bu məlumatdan sonra təyyarənin marşrutunu dəyişərək geri qayıtmaq və təcili eniş etmək istədiyi, lakin bir müddət sonra əlaqənin tamamilə kəsildiyi bildirilib.
Axtarış-xilasetmə tədbirləri nəticəsində xüsusi təyyarənin qalıqları tapılıb. Daxili işlər naziri Ali Yerlikaya son açıqlamasında bildirib ki, Ankara Esenboğa Beynəlxalq Hava Limanından Tripoliyə uçmaq üçün havaya qalxan təyyarənin qəza yeri Ankaranın Haymana rayonunun Kesikkavak kəndindən təxminən 2 kilometr cənubda müəyyən edilib. Təyyarənin qalıqlarına Türkiyə jandarma qüvvələri tərəfindən çatılıb.
Nazir qeyd edib ki, hadisə ilə bağlı araşdırmalar davam etdirilir və əldə olunan yeni məlumatlar barədə ictimaiyyətə əlavə açıqlamalar veriləcək.
Qeyd edək ki, Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Məhəmməd Əli əl-Hədda qəza baş verməzdən əvvəl Türkiyənin milli müdafiə naziri Yaşar Güləri ziyarət edib.