BAKI, TurkicWorld, Orxan Qədirzadə
Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova ölkəsinə göstərilən dəstəyə görə Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA)-nın fəaliyyətini yüksək qiymətləndirib.
TurkicWorld xəbər verir ki, TİKA Şimali Makedoniyanın Ohrid şəhərində yerləşən Ohrid Hidrobiologiya İnstitutuna nəqliyyat vasitələri təqdim edib, həmçinin avadanlıq və təmir dəstəyi göstərib. Layihənin təqdimat mərasimində Şimali Makedoniya prezidenti ilə yanaşı, Türkiyənin Skopyedəki səfiri Fatih Ulusoy, TİKA-nın rəhbəri Abdullah Eren, eləcə də yerli idarəetmə nümayəndələri iştirak ediblər.
Prezident Silyanovska-Davkova bildirib ki, bu təşəbbüs elm və etik dəyərlər arasında ayrılmaz əlaqəni nümayiş etdirir və TİKA-nın addımı məsuliyyətli yanaşmanın göstəricisidir.
Türkiyənin Şimali Makedoniyadakı səfiri Fatih Ulusoy layihənin xüsusilə Ohrid gölünün qorunmasına töhfə verəcəyini qeyd edib.
TİKA rəhbəri Abdullah Eren isə vurğulayıb ki, agentlik indiyədək Şimali Makedoniyada 1300-dən çox layihə həyata keçirib və bu təşəbbüslər təhsil, səhiyyə, kənd təsərrüfatı və inzibati infrastruktur daxil olmaqla geniş sahələri əhatə edir.
Qeyd olunub ki, TİKA eyni zamanda Ohrid yaxınlığındakı Plasnitsa bələdiyyəsində tibb mərkəzinin tikintisi və təchizatını da reallaşdırıb.