BAKI, TurkicWorld, Orxan Qədirzadə
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Suriyada “Suriya Demokratik Qüvvələri” (SDQ) adı altında fəaliyyət göstərən PKK/YPG terror strukturu prosesi uzadaraq vaxt qazanmağa çalışır.
TurkicWorld xəbər verir ki, Nazir bu fikirləri TRT World kanalında yayımlanan “One on One” proqramında səsləndirib.
Fidanın sözlərinə görə, Türkiyə, region ölkələri, ABŞ və digər tərəflər İŞİD-lə mübarizə gündəliyini irəli aparmaqda davam edir, lakin bu proses Suriya dövlətinin bərpasına mane olacaq terror elementlərinə imkan verməməlidir. O vurğulayıb ki, Ankara SDQ-nin Suriya dövlət strukturlarına inteqrasiyası prosesinin tempindən narazıdır və bu strukturun regional böhranlar və İsrail kimi amillərdən ümid gözlədiyini düşünür.
Nazir xatırladıb ki, SDQ-dən başqa Suriya müxalifətinə daxil olan bütün silahlı qruplar artıq Suriya Müdafiə Nazirliyinin tabeliyinə keçib. Onun sözlərinə görə, bir dövlətdə bir neçə silahlı strukturun mövcudluğu milli birlik və suverenlik anlayışı ilə üst üstə düşmür.
Fidan həmçinin qeyd edib ki, Türkiyə hərbi variantlara qayıtmaq istəmir, lakin prosesə cəlb olunan aktorların səbrinin tükəndiyini SDQ anlamalıdır. O, 10 mart tarixli razılaşmanın gecikdirilmədən və təhrif olunmadan icrasının gözlənildiyini bildirib.
Nazir İŞİD təhlükəsinə də toxunaraq Türkiyə və Suriyanın regional əməkdaşlıq mexanizmi çərçivəsində bu təhdidin öhdəsindən gələ biləcəyini vurğulayıb. Qəzza, Rusiya–Ukrayna müharibəsi və Kipr məsələsinə dair mövqelərini də açıqlayan Fidan, Türkiyənin həm humanitar, həm də diplomatik səylərini davam etdirdiyini bildirib.