BAKI, TurkicWorld
Abdullah Öcalan yenidən tərksilah çağırışı edib.
TurkicWorld xəbər verir ki, PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalan yenidən könüllü tərksilah və barış prosesinin başlanması ilə bağlı çağırış edib.
İmralı adasından yayımlanan 7 dəqiqəlik video mesajda Öcalan PKK-nın silahlı mübarizədən çəkiləcəyini və təşkilatın milli dövlətçilik strategiyasından imtina etdiyini bəyan edib.
Öcalan açıqlamasında silahsızlanmanın artıq “tarixi mərhələyə” qədəm qoyduğunu bildirib və bu prosesi “milli azadlıq savaşı strategiyasının sonu” kimi qiymətləndirib. O qeyd edib ki, “PKK-nın 12-ci ləğvetmə qurultayının nəticələri, hərəkatın milli dövlət hədəfini və silahlı mübarizə strategiyasını arxada qoyduğunu göstərir”.
Liderin fikrincə, bu mərhələdə əsas məsələ Türkiyə Böyük Millət Məclisinin çətiri altında, komissiya nəzdində “könüllü tərksilah” mexanizminin formalaşdırılması və həyata keçirilməsidir.
Öcalanın çıxışından əsas fikirlər:
-
“Silahların yerə qoyulması tarixi qazanc kimi qəbul edilməlidir.”
-
“Artıq silahlı mübarizə deyil, siyasi və hüquqi yolla davam etmək dövrüdür.”
-
“Silahsızlanma təfərrüatları yaxın günlərdə müəyyənləşdiriləcək.”
-
“Parlamentdə təmsil olunan partiyalar bu prosesi dəstəkləməlidir.”
Xatırladaq ki, keçən ay PKK terror təşkilatı özünü ləğv etdiyini açıqlamışdı.
Qeyd edək ki, İyulun 11-i cümə günü bir qrup PKK-çının simvolik olaraq silahlarını yerə qoyacağı gözlənilir. Təhlükəsizlik baxımından Ankara PKK-nın silahı yerə qoyacağı ilk yerlə bağlı dəqiq açıqlama verməyib. Bununla belə, bəzi mənbələr silahların Şimali İraqın Süleymaniyyə şəhəri yaxınlığındakı əraziyə yerləşdiriləcəyini iddia edir. Silahsızlaşdırma prosesinin bir neçə ay ərzində tamamlanacağı gözlənilir.







