BAKI, TurkicWorld
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynaya rəsmi səfəri çərçivəsində Polşanın Przemysl Glowny stansiyasından zirehli qatarla Kiyevə yola düşüb.
TurkicWorld xəbər verir ki, təxminən 10 saat davam edəcək səfər çərçivəsində Fidanın Ukrayna prezidenti Vlodimir Zelenski və baş nazir Denis Şmıxalla görüşməsi planlaşdırılır.
Moskva təmaslarından sonra Ukraynaya keçən nazirin səfəri, Türkiyə ilə Ukrayna arasında strateji tərəfdaşlığa əsaslanan ticarət, enerji, müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsinə yönəlib.
Mayın 16-da İstanbulda baş tutmuş danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik etmiş xarici işlər naziri Andriy Sibiha, Prezident Aparatının rəhbəri Andriy Yermak və müdafiə naziri Rustem Umerovla da Fidanın ayrıca görüşlər keçirəcəyi gözlənilir.
Nazir Fidanın səfər zamanı Türkiyənin Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bir daha ifadə etməsi, Rusiya-Ukrayna müharibəsinin diplomatik yolla sonlandırılmasının zəruriliyini vurğulaması, həmçinin Qara dənizdə naviqasiya təhlükəsizliyinin təmin olunmasına dair təşəbbüsləri müzakirə etməsi planlaşdırılır.
Fidan həmçinin Krım tatarlarının ümummilli lideri Mustafa Kırımoğlu və Krım Tatar Milli Məclisinin sədri Refat Çubarovla görüşəcək, soydaşların vəziyyətinə dair məsələləri diqqət mərkəzinə gətirəcək.
Qeyd edək ki, Hakan Fidanın səfəri, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz və İngiltərə baş naziri Keir Starmerin də istifadə etdiyi zirehli qatar marşrutu ilə həyata keçirilir. Ukrayna hava məkanının bağlı olması səbəbilə bu marşrut müharibə dövründə əsas diplomatik səfər xəttinə çevrilib.







