BAKI, TurkicWorld
Türkiyədə iki cinayətkar şəbəkəyə qarşı keçirilən əməliyyatda 33 nəfər həbs olunub.
TurkicWorld xəbər verir ki, Sivas və Hatayda aparılan genişmiqyaslı əməliyyatlar nəticəsində iki ayrı mütəşəkkil cinayət qrupunun 56 üzvü saxlanılıb, onlardan 33-ü barəsində həbs qərarı çıxarılıb.
Daxili İşlər naziri Ali Yerlikayanın koordinasiyası ilə Yıldızeli və Samandağ Respublika Baş Prokurorluqlarının, Jandarma Baş Komandanlığının Kəşfiyyat, KOM və Kiber Cinayətlərlə Mübarizə şöbələrinin iştirakı ilə həyata keçirilən əməliyyatlar 10 şəhərdə – o cümlədən Adana, Antalya, Ankara, Qaziantep, İstanbul, Kocaeli, Balıkəsir və Ədirnədə keçirilib.
“Heç bir cinayət və cinayətkar cəzasız qalmayacaq. Mütəşəkkil cinayət təşkilatlarına qarşı mübarizəmiz qətiyyətlə davam edəcək.” - deyə nazir sosial media hesabında paylaşım edərək əməliyyatlara rəhbərlik edən hüquq-mühafizə orqanlarını və əməkdaşları təbrik edib.
Sivasda fəaliyyət göstərən dəstə saxta rəqəmsal tətbiqlərlə vətəndaşların şəxsi məlumatlarını ələ keçirərək onları kripto valyuta hesablarına yönləndirməklə aldatmaqda ittiham edilir. Bu əməliyyatda 45 nəfər saxlanılıb.
Hatayda isə nəqliyyat vasitələrinin bazar qiymətindən ucuz satılacağı vədi ilə vətəndaşlardan ödəniş alaraq, çatdırılma zamanı onları aldatmaqda şübhəli bilinən 11 nəfər tutulub.
Araşdırmalar nəticəsində 1 milyard TL dəyərində 693 bank hesabı, 1.5 milyard TL dəyərində 41 kripto aktiv, həmçinin 10 iş yeri, 164 torpaq sahəsi, 41 daşınmaz əmlak, 27 nəqliyyat vasitəsi və 1 yanacaqdoldurma məntəqəsi ələ keçirilib.
Qeyd edək ki, əməliyyatlar MASAK (Maliyyə Cinayətlərini Araşdırma Şöbəsi) tərəfindən hazırlanan hesabatlar əsasında həyata keçirilib.







