BAKI, TurkicWorld
Diyarbəkirdə 6,1 milyard barel neft ehtiyatı olduğu təxmin olunur – bu, Türkiyə üçün tarixi fürsət sayıla bilər.
TurkicWorld xəbər verir ki, Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar ABŞ-ın Continental Resources və TransAtlantic Petroleum şirkətləri ilə Diyarbəkir hövzəsində neft və təbii qaz ehtiyatlarının araşdırılması və hasilatı üzrə ortaq layihəyə başlandığını açıqlayıb.
Nazir bildirib ki, amerikalı tərəfdaşların ilkin hesablamalarına görə, bölgədə 6,1 milyard barel neft ehtiyatı ola bilər. "Biz buna hələ ki dəqiq kəşf deyə bilmərik, amma bu, böyük bir şeydir", – deyə Bayraktar vurğulayıb.
Bayraktar əlavə edib ki, daha öncə müəyyən edilən 41 milyon barellik ehtiyatın təxminən 60 faizi elə Diyarbəkirdə yerləşir. Bu ortaq əməkdaşlığın Türkiyənin enerji sektorunda yeni bir mərhələ başlatdığını deyən nazir, Diyarbəkirin bu baxımdan strateji əhəmiyyət daşıdığını bildirib.
Kabarda əldə olunan uğurların davamı olaraq, Suriyanın şimal bölgələrinə qaz nəqli layihəsi də irəliləyir. Bayraktar qeyd edib ki, minalanmış ərazilər artıq təmizlənib və yaxın həftələrdə qazın əvvəlcə Hələbə, daha sonra isə Hums bölgəsinə çatdırılması planlaşdırılır. Eyni zamanda, Kiprə elektrik və təbii qaz nəqli üçün də infrastruktur layihələri üzərində işlər aparılır.
Bundan əlavə, Türkiyə Kanadanın CANDU şirkəti ilə nüvə elektrik stansiyası layihələri üzrə danışıqlar aparır. Bayraktar vurğulayıb ki, ikinci və üçüncü atom stansiyaları üçün Rusiya, Çin və Cənubi Koreya ilə yanaşı, Kanada da potensial tərəfdaş kimi nəzərdən keçirilir. Qara dənizdəki enerji ehtiyatlarının işlənməsi istiqamətində də işlər davam edir və yeni mərhələyə keçmək üçün istehsal platforması yaxın günlərdə Filyosa daşınacaq.
Qeyd edək ki, Türkiyə hazırda ildə 365 milyon barel neft idxal edir. Əgər Diyarbəkirdə təxmin edilən ehtiyatlar təsdiqlənsə, bu, ölkəyə ən azı 15 illik neft təminatı verə bilər. Bu da Türkiyənin enerji asılılığını azaltmaq baxımından mühüm strateji dönüş nöqtəsi ola bilər.