Türkiyə təbii qaz Somali neft Bayraktar

Türkiyə-Somali enerji əməkdaşlığı yeni mərhələyə keçir

BAKI, TurkicWorld

Türkiyə Somalidə üç quru sahəsində neft və qaz axtarışına başlayır

TurkicWorld xəbər verir ki, Türkiyə “Türk Petrolları” vasitəsilə Somalidə üç quru yatağında neft və qaz kəşfiyyatı işlərinə start verəcək.

Bu barədə Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Somali ilə karbohidrogen sahəsində imzalanan yeni əməkdaşlıq müqaviləsindən sonra açıqlama verib.

Müqaviləyə əsasən, Türk Petrolları təxminən 16 min kvadrat kilometr ərazidə əvvəlcə seysmik tədqiqatlar, sonra isə sürətli qazma işləri aparacaq. Bayraktar bildirib ki, bu addım Somalinin inkişafına və bölgədə sabitliyə töhfə verməklə yanaşı, Türkiyənin enerji sahəsində beynəlxalq imkanlarını da əks etdirir.

Ötən il iki ölkə arasında dəniz yataqları üzrə də hasilatın pay bölgüsünə dair razılaşma imzalanıb və “Oruç Rəis” seysmik tədqiqat gəmisi Somali sahillərində fəaliyyətini davam etdirir. Hazırda bu sahədə işlərin 78%-i tamamlanıb və may ayında yekunlaşması planlaşdırılır.

Qeyd edək ki, bu əməkdaşlıq çərçivəsində mədənçilik sahəsində də konkret layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Mayın 2-də İstanbulda keçiriləcək Beynəlxalq Təbii Sərvətlər Zirvəsində isə bu kimi layihələrin təqdimatı gözlənilir.

Mövzuya görə xəbərlər