BAKI,TurkicWorld
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş, rəsmi səfərlə getdiyi Özbəkistanda keçirdiyi yüksək səviyyəli görüşlərlə diplomatik fəallığı ilə diqqət çəkib. 7
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Kurtulmuş, Daşkənddə keçirilən Parlamentlərarası İttifaqın 150-ci Baş Assambleyası çərçivəsində iki gün ərzində təxminən 20 həmkarı ilə ikitərəfli və nümayəndə heyətləri səviyyəsində görüşlər aparıb.
190 üzv ölkə, 15 müşahidəçi və 25-dən çox beynəlxalq və parlamentlərarası təşkilatdan təxminən 2 min nümayəndənin qatıldığı tədbir Özbəkistanın paytaxtında baş tutub.
Kurtulmuşun görüşdüyü ölkələr arasında Qətər, Türkmənistan, Oman, Misir, Bəhreyn, Özbəkistan, Gürcüstan və Cənubi Afrika kimi ölkələr olub.
TBMM sədri, Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili, Fildişi Sahili Milli Məclisinin sədri Adama Biktogo, Misir Nümayəndələr Məclisinin sədri Hanafi Ali əl-Gebali, Özbəkistan Ali Məclisinin Senat sədri Tanzila Norboyeva və Qanunvericilik Palatasının sədri Nuriddin İsmayılov ilə nümayəndə heyətləri səviyyəsində danışıqlar aparıb.
Bu görüşlərdə ikitərəfli və parlamentlərarası münasibətlərlə yanaşı, bölgədəki inkişaflar müzakirə olunub.