BAKI, TurkicWorld
Türkiyənin Avropa Şurasındakı çıxışı avropalıları təəccübləndirib.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Fransanın Strasburq şəhərində keçirilən Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Türkiyəni təmsil edən Ordu Böyükşəhər Bələdiyyə Başçısı Mehmet Hilmi Gülər sərt çıxışı ilə diqqət çəkib.
O, bəzi Avropa ölkələrinin keçmişinin "çirkli" olduğunu vurğulayaraq, onların Türkiyəyə demokratiya dərsi keçməyə haqqı olmadığını bildirib.
Gülər çıxışında Avropa Şurasında aparılan müzakirələrin qərəzsiz olması gərəkdiyini qeyd edərək, bəzi ölkələrin demokratiya adı altında seçici yanaşma nümayiş etdirdiyini bildirib. O, həmçinin, Avropanın insan haqlarından danışdığı halda Fələstin, Qəzza və Suriya məsələlərinə yetərincə diqqət ayırmadığını önə çəkib.
Qeyd edək ki, Gülər çıxışında Avropa üçün əsas məsələlər arasında NATO və enerji təhlükəsizliyinin də yer aldığını bildirib və Avropa ölkələrinin bu mövzularda daha açıq müzakirələr aparmalı olduqlarını vurğulayıb.