BAKI, TurkicWorld
NATO-nun Baş katibi Mark Rutte Avropa İttifaqı (Aİ) liderlərini Türkiyə ilə münasibətləri yaxşılaşdırmağa və əməkdaşlığı gücləndirməyə çağırıb.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, fevral ayında Aİ liderləri ilə keçirilən xüsusi naharda Rutte, Avropanın təhlükəsizliyi üçün Türkiyə ilə sıx əlaqələrin mühüm rol oynadığını vurğulayıb.
Yanvar ayında Avropa Parlamentində çıxış edən Rutte bildirmişdi ki, Aİ-yə daxil olmayan, lakin NATO üzvü olan tərəfdaşların Avropanın müdafiə sənayesi layihələrinə cəlb edilməsi zəruridir. Bu çağırış, son illərdə Ankara ilə Brüssel arasındakı münasibətlərdə yaşanan gərginlik fonunda mühüm siqnal kimi dəyərləndirilir.
Aİ daxilində Türkiyənin Avropa müdafiə layihələrinə cəlb olunması məsələsində fikir ayrılığı mövcuddur. Almaniya Türkiyənin bu prosesə qoşulmasını dəstəkləyərkən, Fransa ehtiyatlı mövqe tutur və Aİ daxilində müdafiə əməkdaşlığının məhdudlaşdırılmasını müdafiə edir. Xüsusilə 1,5 milyard avroluq Avropa Müdafiə İnvestisiya Proqramı (EDIP) çərçivəsində Türkiyənin iştirakı müzakirə edilir.
Aİ, müdafiə xərcləri üçün nəzərdə tutulan 150 milyard avroluq birgə kredit proqramı çərçivəsində üzv olmayan ölkələrlə əməkdaşlıq məsələsini nəzərdən keçirir. Bu kontekstdə Türkiyənin də layihələrə daxil edilməsi strateji əhəmiyyət kəsb edir.
Mütəxəssislərin fikrincə, Türkiyə-NATO-Aİ üçbucağında münasibətlərin yaxşılaşdırılması həm Avropanın təhlükəsizliyinə, həm də Ankara-Brüssel əlaqələrinə müsbət təsir göstərə bilər.