Bakı,TurkicWorld
Türkiyə dünyada ən yaxşı səhiyyə xidmətləri göstərən ölkələrdən biridir
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə Səhiyyə Naziri Kemal Memişoğlu deyib.
Nazir Türkiyənin səhiyyə sahəsində böyük uğurlar əldə etdiyini, xüsusilə COVID-19 pandemiyası dövründə bunun dünyaya sübut edildiyini bildirib.
Memişoğlu plastik cərrahiyyə, dermatologiya və qulaq-burun-boğaz kimi sahələrdə randevu tapmaqda yaşanan çətinliklərə toxunaraq, bu problemlərin aradan qaldırılması üçün yeni tədbirlər görüləcəyini açıqlayıb.
Xüsusi xəstəxanalarla bağlı qanunvericilikdə dəyişiklik ediləcəyini bildirən Memişoğlu, ambulator müalicə qaydalarının yenilənəcəyini qeyd edib. Fizioterapevtlər, dietoloqlar və psixoloqların xüsusi sektorda necə fəaliyyət göstərəcəyi ilə bağlı yeni qanunvericilik hazırlandığını vurğulayıb.
Nazir ailə həkimliyi sisteminin vacibliyini vurğulayaraq, bu sahədə çalışanların peşəkarlığının önəm daşıdığını bildirib. O, həkimlik peşəsinin dəyərini yüksək qiymətləndirdiklərini və tibbi etikaya sadiq qalan bütün həkimlərə dəstək verdiklərini deyib.
Memişoğlu saxta içkilərin yaratdığı təhlükəyə də diqqət çəkib. Bu problemin qarşısını almaq üçün apteklər və dərman anbarlarında ciddi yoxlamalar aparıldığını bildirib. O, saxta içki istehsal edənlərin insan həyatını təhlükəyə atdığını və buna qarşı sərt tədbirlər görüləcəyini vurğulayıb.