BAKI,TurkicWorld
Türkiyə Müdafiə Sənayesi nazirliində (SSB) keçirilən mərasimdə Türkiyə Quru Qoşunlarının inventarına yeni nəsil zirehli döyüş maşınlarının əlavə edilməsini nəzərdə tutan layihə imzalanıb.
TurkicWorld xəbər verir ki, layihə çərçivəsində FNSS tərəfindən istehsal olunan Pars Alpha və BMC tərəfindən hazırlanan Altuğ 8x8 və 6x6 avtomobilləri Quru Qoşunlarına təhvil veriləcək.
Ümumilikdə Quru Qoşunları Komandanlığının 2000-dən çox yeni nəsil zirehli texnika alması planlaşdırılır. Bu baxımdan Pars Alpha avtomobillərinin sayının tədricən artırılması gözlənilir.
Rəsmilərin açıqlamalarına görə, yeni zirehli texnika Türkiyə Silahlı Qüvvələrinin əməliyyat qabiliyyətini artıracaq və müdafiə sənayesinin innovativ həllər təqdim etmək potensialını bir daha göstərəcək.
Pars Alpha yüksək hərəkət qabiliyyəti, möhkəm dayanıqlığı və modul quruluşu ilə seçilir. 8x8 və 6x6 konfiqurasiyalarda təqdim olunan bu avtomobillər müxtəlif döyüş ssenarilərinə uyğunlaşdırıla bilər. Müasir aktiv və passiv mühafizə sistemləri, yüksək mina və ballistik qoruma səviyyəsi ilə təchiz edilən Pars Alpha, kəşfiyyat, tank əleyhinə əməliyyatlar və logistik dəstək kimi müxtəlif vəzifələri icra edə bilir.
Altuğ 8x8 isə yüksək ballistik qorunma, güclü mühərrik performansı və qabaqcıl silah sistemləri ilə diqqət çəkir. Modul zireh strukturu sayəsində fərqli təhlükə səviyyələrinə uyğunlaşdırıla bilən bu avtomobil avtomatik top sistemləri, tank əleyhinə raketlər və uzaqdan idarə olunan silah sistemləri ilə təchiz oluna bilər.
Bundan əlavə, Altuğ 8x8 amfibiya qabiliyyətinə malikdir və su maneələrini rahat şəkildə aşa bilir. Müxtəlif relyef şəraitində effektiv hərəkət etmək üçün dizayn edilib.







