Türkiyə ASELSAN BMC İctimayyəti Məlumatlandırma Platforması (KAP) BMC Otomotiv

ASELSAN 100 milyonluq müqavilə imzalayıb

Bakı,TurkicWorld

ASELSAN və BMC Otomotiv arasında Quru Qoşunlarının ehtiyacları üçün uzaqdan idarə olunan silah, hərbi rabitə, tanıma və tanıtma, özünümüdafiə və naviqasiya sistemlərinin tədarükünə dair 96,9 milyon avro dəyərində müqavilə imzalanıb.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə ASELSAN, İctimayyəti Məlumatlandırma Platformasına (KAP) verdiyi açıqlamada yeni iş əlaqəsini elan edib.

“ASELSAN ilə BMC Otomotiv arasında Quru Qoşunlarının ehtiyacları üçün uzaqdan idarə olunan silah, hərbi rabitə, tanıma və tanıtma, özünümüdafiə və naviqasiya sistemlərinin tədarükünə dair 96 milyon 852 min 535 avro dəyərində müqavilə imzalanıb. Sözügedən müqavilə çərçivəsində çatdırılmalar 2027–2028-ci illər arasında həyata keçiriləcək”,- deyə bəyənatda qeyd olunub.

Qeyd edək ki, ASELSAN (Askeri Elektronik Sanayi), 1975-ci ildə Türkiyə Silahlı Qüvvələrini Gücləndirmə Vəqfi tərəfindən qurulan, müdafiə və texnologiya sahəsində fəaliyyət göstərən aparıcı şirkətdir. Şirkət əsasən rabitə, elektronika, radar, silah sistemləri, optik və təhlükəsizlik texnologiyaları üzrə ixtisaslaşıb.

ASELSAN-ın əsas fəaliyyət sahələri bunlardır:

Rabitə və İnformasiya Sistemləri – Hərbi və mülki sektorlarda istifadə olunan şifrəli rabitə və data ötürmə sistemləri.

Radar və Elektron Müharibə Sistemləri – Hava, quru və dəniz platformaları üçün radar və müdafiə sistemləri.

Silah Sistemləri – Uzaqdan idarə olunan silah qüllələri və atış idarəetmə sistemləri.

Optik və Elektro-Optik Sistemlər – Termal kameralar, gecəgörmə cihazları və lazer məsafəölçənlər.

Avtomatlaşdırma və Nəqliyyat Sistemləri – Ağıllı nəqliyyat, dəmir yolu sistemləri və sənaye avtomatlaşdırma həlləri.

ASELSAN hazırda dünyanın ən böyük müdafiə şirkətləri arasında yer alır və bir çox ölkə ilə strateji əməkdaşlıq layihələri həyata keçirir. Şirkət həm Türkiyə daxilində, həm də qlobal bazarda güclü mövqeyə sahibdir.

Mövzuya görə xəbərlər