Bakı, TurkicWorld
Türkiyənin vasitəçiliyi ilə Efiopiya və Somali arasında texniki danışıqların ilk mərhələsi Ankarada baş tutub.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, örüşdə məqsəd Afrika Buynuzunda son aylarda artan gərginliyi, xüsusilə Efiopiyanın dənizə çıxış istəyindən irəli gələn mübahisələri həll etmək olub.
Ankara Bəyannaməsi çərçivəsində keçirilən danışıqlarda iki ölkə nümayəndə heyətləri öz öhdəliklərinə sadiq olduqlarını vurğulayıblar və bu razılaşmanı reallaşdırmaq üçün konkret addımlar atmağa başlayıblar. Türkiyə diplomatik mənbələri bildirib ki, xarici işlər naziri Hakan Fidan Somali və Efiopiya xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüşlər keçirib. Danışıqlar müsbət atmosferdə keçib və əsas diqqət iqtisadi əməkdaşlığın inkişafına yönəlib.
Məlumata görə, növbəti mərhələ mart ayında Türkiyənin vasitəçiliyi ilə keçiriləcək. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 11-də Ankarada iki ölkə arasında gərginliyə son qoymaq üçün razılığın əldə olunduğunu açıqlamışdı.
Mübahisənin kökündə Efiopiyanın Somalinin separatçı bölgəsi olan Somaliland ilə yanvar ayında imzaladığı liman və hərbi baza müqaviləsi dayanır. Bu razılaşma Somali hökuməti tərəfindən suverenliyin pozulması kimi qiymətləndirilib və diplomatik, hətta hərbi mübahisəyə səbəb olub.
Lakin dekabrın 12-də Ankarada keçirilən görüşdə Efiopiya və Somali liderləri ortaq razılığa gəliblər. Razılaşmaya əsasən, Efiopiyaya Somalidə alternativ dəniz çıxışı təmin ediləcək və tərəflər fikir ayrılıqlarını aradan qaldıraraq qarşılıqlı əməkdaşlığa üstünlük verəcəklər.