Bakı,TurkicWorld
Suriya inqilabının lideri cənab Şara ilə danışıqlarımız davam edir.
TurkicWorld xəbər verir ki, bu sözləri Rəcəb Tayyib Ərdoğan bazar ertəsi Nazirlər Kabinetinin iclasında deyib.
Ərdoğan Suriyanın unitar quruluşunun qorunmasının Türkiyənin qırmızı xətti olduğunu deyib.
Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalının dekabrın 12-də səfərindən sonra xarici işlər naziri Hakan Fidan dekabrın 22-də Suriyanın paytaxtı Dəməşqdə olub.
Bəyanatının böyük hissəsini Suriyadakı hadisələrə həsr edən Ərdoğan qonşu ölkəyə səfərlərinin getdikcə daha çox davam edəcəyini bildirib.
Türkiyənin, Suriya böhranının ilk anından daim yanlarında olduğunu bildirən Ərdoğan, terror təşkilatlarına qarşı mübarizənin dayanmayacağını vurğulayıb.
"Suriyada separatçı terror təşkilatının ünsürlərinə qarşı əməliyyatlarımızı dinc əhaliyə zərər vermədən davam etdirmək əzmindəyik",- deyə o bildirib.
Qeyd edək ki, 8 dekabr səhər saatlarında Silahlı müxalifət Əsəd hakimiyyətinə son qoyub.
İranın uzun illər “Şiə Ayparasının” ayrılmaz hissəsi hesab etdiyi Suriyada 54 illik ailə hakimiyətinə son qoyuldu və Dəməşq silahlı müxaliflərin nəzarətinə keçdi.Silahlı fraksiyalar Dəməşqə daxil olduqlarını elan etdikdən qısa müddət sonra Suriya ordusu komandanlığı rejimin süqutu barədə zabitləri məlumatlandırıb, Suriya ordusunun iki yüksək rütbəli zabiti isə Əsədin ölkəni tərk etdiyini açıqlayıb. Onun Rusiyada, İranda və hətta BƏƏ-də olduğu ehtimalı da var.
Şahidlərin bildirdiyinə görə, minlərlə suriyalı piyada Dəməşqin əsas meydanına toplaşaraq azadlıq şüarları səsləndiriblər.