Bakı, TurkicWorld
Türkiyə Böyük İnkişaf Yolu Layihəsində İraqı dəstəkləyir və hökümət olaraq bu layihədə iştirak etməyə hazırıq
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Ticarət naziri Ömər Bolat, Bağdadda keçirilən “Türkiyə-İraq Ümumi Ticarət və Müqavilə Nümayəndə Heyəti Proqramı və B2B Görüşləri” çərçivəsində təşkil olunan toplantıda bildirib.
Bolat, İraq rəsmilərinə qonaqpərvərlikləri üçün təşəkkür edərək görüşün hər iki ölkə üçün önəmli bir platforma olduğunu qeyd edib.
“Böyük İnkişaf Yolu Layihəsi”nin 2030-cu ilə qədər tamamlanması istiqamətində əməkdaşlıq etməyə hazır olduğunu ifadə edən Bolat, layihənin İraqın regional əhəmiyyətini artıracağına və iki ölkə arasında daha güclü iqtisadi bağlar yaradacağına inandığını bildirib.
Nazir əlavə edib ki, Türkiyə və İraq təkcə iqtisadiyyat sahəsində deyil, həmçinin hərbi, müdafiə, təhlükəsizlik, enerji, ticarət, turizm, logistika və nəqliyyat sahələrində də sıx əməkdaşlıq edir. Türkiyənin uzun illərdir İraqın xarici ticarətində üçüncü yeri tutduğunu xatırladan Bolat, bu əlaqələri daha da inkişaf etdirmək üçün məqsədlərinin orta müddətli perspektivdə qarşılıqlı ticarət dövriyyəsini 30 milyard dollara çatdırmaq olduğunu bildirib.
Bolat, həmçinin qeyd edib ki, iqtisadi əlaqələr yalnız ticarətlə məhdudlaşmamalı, qarşılıqlı investisiyaları da əhatə etməlidir.
“Türkiyə olaraq biz iraqlı investorları ölkəmizə sərmayə yatırmağa dəvət edirik. İraq da eyni şəkildə türk sərmayəçilərini ölkələrinə dəvət edir.”
Türkiyənin İraqdakı podratçılıq və mühəndislik sahəsindəki uğurlarını da vurğulayan Nazir , həmçinin Türk konsaltinq və memarlıq ofislərinin də İraqın infrastruktur layihələrində əhəmiyyətli rol oynadığını qeyd edib.
Eyni zamanda Bolat, Türkiyənin İraqın layihəsi olan Böyük İnkişaf Yolu layihəsinə dəstəyini vurğulayaraq bildirib ki, bu layihə İraqın infrastruktur və iqtisadi güclənməsi üçün mühüm rol oynayacaq.
Nazir , Türkiyənin İraqla əməkdaşlıqda qətiyyətli olduğunu və iki ölkənin bu cür layihələrlə qarşılıqlı inkişafını davam etdirəcəyini bildirib.