Bakı, TurkicWorld
Türkiyədə TUSAŞ şəhərciyinə edilən hücumdan sonra ölkə daxilindəki hava limanlarında narıncı həyəcan siqnalı verilib.
TurkicWorld xəbər verir ki, bu barədə yerli KIV məlumat verib. Dünən Ankarada Türk Hava və Kosmik Sənaye Anonim Şirkətinə (TUSAŞ) edilən və 5 nəfərin həyatını itirdiyi hücumdan sonra Türkiyə daxilində hava limanlarında təhlükəsizlik tədbirləri gücləndirilib.
Türkiyədə baş verən son terror hadisəsindən sonra, İstanbul hava limanlarının girişlərində, xüsusilə hava limanı şəhərciyinə daxil olan avtomobillərdə axtarışlar aparılır, sürücülərin və sərnişinlərin şəxsiyyətləri yoxlanılır.
Sabiha Gökçen Hava Limanının sosial media hesablarından edilən açıqlamada da terminallarda "əlavə ehtiyat tədbirləri" görüldüyü bildirilib və sərnişinlərə vaxt itkisini nəzərə alaraq uçuşlarından ən azı 3 saat əvvəl hava limanına gəlmələri tövsiyə edilib
Mülki Aviasiya Baş İdarəsi və ya Dövlət Hava Limanları İdarəsindən "narıncı həyəcan" siqnalı ilə bağlı rəsmi açıqlama hələ ki verilməyib.
Qeyd edək ki, narıncı xəbərdarlıq, hava limanından kənarda insident baş verdikdə və ya yaxın gələcəkdə terror və ya təxribat aktlarının baş verə biləcəyinə dair kəşfiyyat məlumatı alındıqda tətbiq edilən xüsusi təhlükəsizlik tədbiridir.
Narıncı siqnalın əsas tədbirlərinə nəqliyyat vasitələrinin həssas obyektlərdən uzaqda park edilməsinin təmin edilməsi, hava limanlarına giriş-çıxışların məhdudlaşdırılması, sərnişinlərin baqajlarının daha diqqətli yoxlanılması kimi tədbirlər daxildir. Bu, dörd rəngli təhlükəsizlik sistemində üçüncü ən yüksək xəbərdarlıq səviyyəsidir.