Bakı, TurkicWorld
Yerli və xarici turistlər üçün maraq dairəsi olan Ayasofya məscidi ibadət üçün istifadəyə verildiyi 4 il ərzində təxminən 25 milyon ziyarətçiyə ev sahibliyi edib.
TurkicWorld Türkiyə KİV-ə istinadən məlumat verir ki, İstanbulun fəthinə qədər 916 il kilsə, 1453-cü ildən isə məscid kimi istifadə edilən Ayasofya, 1934-cü ildə alınan qərarla 86 il muzey olaraq fəaliyyət göstərmişdi.
Qeyd edək ki, Türkiyənin Nazirlər Şurasının 24 noyabr 1934-cü il tarixli qərarı ilə Ayasofya məscidi muzeyə çevrilmişdi. Tarixi Abidələrə və Ətraf Mühitə Xidmət Daimi Vəqflər Dərnəyinin təşəbbüsü ilə bu qərar 10 iyul 2020-ci ildə ləğv edilmişdi.
Həmçinin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ayasofyanın ibadətə açılması ilə bağlı fərmanı da həmin gün imzaladı. Bu barədə Ayasofyanın səlahiyyətlərinin Diyanət İşləri Nazirliyinə verilməsi və ibadətə açılması ilə bağlı Prezident Sərəncamı Rəsmi Qəzetdə dərc edildi.
Ayasofya məscidi 24 iyul 2020-ci ildə 86 ildən sonra ilk cümə namazı ilə prezident Rəcəb Tayyib Ərdoğanın da qatıldığı mərasimlə ibadət üçün açıldı.
İstanbul Müfti müavini Ahmed Aktürkoğlu Ayasofyanın İstanbulun fəthinin ən mühüm simvollarından biri olduğunu bildirib.
İbadət üçün açıldıqdan sonra yerli və xarici turistlərdən böyük maraq olduğunu açıqlayan Aktürkoğlu, "Ayasofya məscidi ibadət üçün açıldığı 24 iyul 2020-ci ildən başlayaraq 4 il ərzində təxminən 25 milyon ziyarətçi qəbul edib. Bura yerli turistlərlə yanaşı, dünyanın müxtəlif ölkələrindən gələn müsəlman və qeyri-müsəlman ziyarətçilərin də diqqətini çəkir. Mövsümdən asılı olaraq, Ayasofya Məscidi hər gün ortalama 50 min civarında turist qəbul edir, bu isə hər il orta hesabla 6-7 milyon ziyarətçi deməkdir" deyə bildirib.
Ayasofya məscidində gündəlik namaz vaxtları ilə yanaşı İstanbul Müftiliyinə bağlı müxtəlif tədbirlər və Quran dərsləri də keçirilir.
Məscidə gələnlər arasında müsəlman olmaq üçün də müraciət edənlərin olduğunu deyən Aktürkoğlu, məsciddə gündə orta hesabla bir və ya iki nəfərin İslamı seçdiyini bildirib.
Aktürkoğlu, Ayasofyada həm irşad, həm də təşrifat xidmətləri göstərdiklərini ifadə edərək, "Burada Diyanət İşləri İdarəsi olaraq 50 əməkdaşımız çalışır. Onlardan bəziləri təşrifat adlandırdığımız ziyarətçilərin məscid ədəb-ərkanına riayət etmələri və namaz zamanı sıraların düzgün olması üçün camaatımıza rəhbərlik edir və köməklik göstərirlər. Bundan başqa, xüsusilə xarici turistlər üçün dini bələdçilik edən, İslamın və Ayasofyanın mədəni və dini aspektləri haqqında danışan məscid bələdçilərimiz var”.