Bakı, TurkicWorld
Türkiyənin müdafiə sənayesi məhsulu olan COBRA II 4x4 təkərli zirehli maşının ixrac edildiyi ölkələr sırasına Səudiyyə Ərəbistanı da əlavə edilib.
TurkicWorld xəbər verir ki, son illərdə Səudiyyə Ərəbistanında ehtiyacları qarşılamaq üçün müxtəlif həllər hazırlayan və onları ölkədəki müdafiə sənayesi sərgilərində nümayiş etdirən Otokar, keçən il COBRA II 4x4 təkərli zirehli avtomobil üçün müqavilə imzalayıb.
Otokar inkişaf etdirdiyi nəqliyyat vasitələri ilə demək olar ki, bütün Körfəz ölkələrində öhdəliklər götürüb.
1998-ci ildə şirkət Səudiyyə Ərəbistanının ehtiyacları üçün həyata keçirdiyi xüsusi bir layihə üçün təxminən 200 Survivor 4x4 avtomobili tədarük edib. Bu maşınlar ölkədə uğurla fəaliyyətini davam etdirir.
Bu müqaviləyə uyğun olaraq ötən ilin sonu və bu ilin əvvəlində müxtəlif tədarüklər həyata keçirilib və avtomobillər istismara verilib. Beləliklə, COBRA II-nin ixrac edildiyi ölkələr sırasına Səudiyyə Ərəbistanı da əlavə edildi.
COBRA II yüksək manevr qabiliyyəti, üstün ballistikası və minalardan mühafizəsi ilə diqqət çəkir. Bütün ərazi şəraitində yüksək hərəkətlilik təklif edən avtomobil müxtəlif silah sistemləri və avadanlıqları ilə təchiz oluna və müxtəlif əməliyyat ehtiyaclarına cavab verə bilər.
Böyük daxili həcmi ilə 9 nəfərə qədər personal daşımaq qabiliyyətinə malik olan COBRA II, başda sərhəd təhlükəsizliyi, patrul, kəşfiyyat və daxili təhlükəsizlik olmaqla bir çox işi yerinə yetirə bilir.
Hafiz Rufizoğlu