Bakı,TurkicWorld
Fevralın 6-da baş verən zəlzələlər üçün Avropa Şurası İnkişaf Bankından (CEB) 250 milyon avro əlavə maliyyə dəstəyi verilib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Xəzinə və Maliyyə Naziri Mehmet Şimşek açıqlama verib.
1,5 milyard avroluq maliyyə paketinin Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən təmin edildiyini xatırladan Şimşek, bu günə qədər beynəlxalq təşkilatlardan cəmi 3,8 milyard dollar xarici maliyyə təmin edildiyini açıqlayıb.
Şimşek bu maliyyənin zəlzələ bölgəsində infrastruktur işlərinə, kənd evlərinin tikintisinə, yenidənqurma ehtiyaclarına və səhiyyə infrastrukturu işlərinə istifadə ediləcəyini bildirib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramının (UNDP) Türkiyə nümayəndəsi Luiza Vinton fevralın 6-da baş verən zəlzələlərin Türkiyəyə 100 milyard dollardan çox ziyan vuracağını açıqlayıb. Dünya Bankı zəlzələnin təxminən 34,2 milyard dollarlıq birbaşa fiziki ziyana səbəb olduğunu və yenidənqurma və bərpa xərclərinin bu məbləğdən iki və ya üç dəfə çox ola biləcəyini bildirib.
Qeyd edək ki, 2024-cü ilin fevral ayında açıqlama verən Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya zəlzələlərdə ümumilikdə 53 min 537 nəfərin həyatını itirdiyini, 107 min 213 nəfərin isə yaralandığını söyləyib.