Son dəqiqə

Türkiyə İsrail neft

İsrailə neft satılması ilə bağlı iddialar əsassızdır- BOTAŞ

Bakı.TurkicWorld:

Türkiyənin İsrailə neft satması ilə bağlı iddialar əsassızdır.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Boru Kəmərləri ilə Neft Daşıma Anonim Şirkəti (BOTAŞ) açıqlama verib. Qurumun açıqlamasında neft ixracı ilə bağlı iddiaların əsassız olduğu bildirilib.

Şirkətdən verilən açıqlamada Türkiyənin İsrailə neftin ixrac edildiyi ilə bağlı əsassız iddialara qarşı ictimaiyyətin doğru məlumatlandırılmasına ehtiyac olduğu qeyd edilib.

Həmçinin, BOTAŞ-ın xam neft satışı və ticarəti ilə bağlı hər hansı fəaliyyətinin olmadığı bildirilib.

Qeyd edək ki, 7 oktyabr 2023-cü ildə HƏMAS-ın hərbi qanadı Qəssam Briqadalarının Əl-Əqsa tufanı hücumlarına cavab vermək bəhanəsi ilə Qəzzanı bombalamağa başlayan İsrail, təxminən 40 min fələstinlini qətlə yetirib.

Hücumların başladığı gündən Türkiyənin İsraillə ticarətini davam etdirdiyinə dair iddiaların ardınca TÜrkiyənin Ticarət Nazirliyi açıqlama verərək İsraillə ticarətin dayandırıldığını bildirmişdi.

Mayın 2-də verilən açıqlamada isə, 9 aprel 2024-cü il tarixindən etibarən 54 məhsul qrupunun İsrailə ixracının məhdudlaşdırıldığı və görülən tədbirlərin ikinci mərhələsi çərçivəsində, “İsrail ilə bağlı ixrac və idxal əməliyyatları bütün məhsulları əhatə edəcək şəkildə dayandırılmışdır" ifadəsi qeyd edilmişdi.

Mövzuya görə xəbərlər