Bakı, TurkicWorld:
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Efiopiyanın Tigray bölgəsində iki ilə yaxın davam edən vətəndaş müharibəsində böyük ziyan görən Kral Nəcaşi Əşamənin türbəsi, məscidi və 15 səhabənin məzarını bərpa edəcək.
TurkicWorld xəbər verir ki, Məkələ şəhərindən təxminən 60 kilometr aralıda yerləşən Nəcaşi kəndindəki bu türbə ərazisi 2018-ci ildə TİKA tərəfindən bərpa edilərək ziyarətçilərin istifadəsinə verilib.
TİKA-nın mədəniyyət sərvətləri sahəsində həyata keçirdiyi ən prestijli layihələrindən biri olan və uzunmüddətli ciddi bir bərpa prosesindən keçən türbə ərazisi abadlıq işləri və əlavə tikililərlə teksturasını qoruyub saxlayaraq yeni simasını qazanmışdı.
Təxminən iki ilə yaxındır çoxlu yerli və xarici qonağın ziyarət etdiyi məqbərəyə 2020-ci ilin noyabrında ölkənin şimalında başlanan hərbi əməliyyatdan sonra ciddi ziyan dəyib. Hücumlar zamanı məscidin minarəsi və türbənin günbəzinin bir hissəsi dağıdılıb.
Efiopiya ordusunun üsyançı Tigray Xalq Azadlıq Cəbhəsinə (TPLF) qarşı əməliyyatı çərçivəsində Nəcaş rayonunun geri alınmasının ardından türbənin də olduğu ərazinin təmiri üçün fəaliyyətlər başlayıb.
TİKA ərazidə bərpa işlərinin aparılması üçün Efiopiya rəsmiləri ilə görüşüb.
TİKA Əddis Əbəbə Proqram Koordinatoru Enver Resuloğulları xatırladıb ki, İslam tarixində çox mühüm yeri olan və hicrətdə müsəlmanlara ev sahibliyi edən dövrün padşahı Nəcaşi türbəsinin və eyni adlı məscidin bərpa layihəsi daha əvvəl TİKA tərəfindən tamamlanmışdı. O Kral Nəcaşi və 15 səhabənin məzarlarının yerləşdiyi ərazinin Efiopiyanın ən əhəmiyyətli tarixi və mədəni məkanları arasında olduğunu vurğulayıb.
Qeyd edək ki, müsəlmanların hicrətindən əvvəlki dövrdə Məkkədə məruz qaldıqları zülmlərə görə vətənlərini tərk etmək məcburiyyətində qalan ilk müsəlmanlar Məhəmməd peyğəmbərin “Ölkəsində heç kəsə zülm olunmayan bir hökmdar var, gedin və Allah düşdüyünüz vəziyyətdən çıxış yolu göstərənə qədər o doğruluq diyarında qalın” məsləhəti ilə Həbəşistana hicrət etmişdilər.
Fərqli tarixlərdə iki ayrı konvoyla yola çıxan səhabələr Qırmızı dənizi keçərək Afrika torpaqlarına keçərək Afrikada ilk müsəlman icmasını meydana gətirmişdilər. Hicrətin 9-cu ilində vəfat edən Nəcaşi Əşəmənin cənazəsi müsəlmanların məskunlaşdığı bu kənddə dəfn edilmiş və bu bölgə “Necaşi kəndi” kimi tanınmağa başlamışdır.