Bakı, TurkicWorld:
Türkiyənin ASELSAN müdafiə sənayesi şirkəti Avropanın ən böyük təlimlərindən biri olan EFES-2024-də ən müasir sistemləri ilə iştirak edir.
Bu barədə TurkicWorld-a Türkiyə hərbi mənbələrindən bildirilib.
Məlumata əsasən, təlimdə 48 ölkədən nümayəndələr, o cümlədən Türkiyə Milli Müdafiə Nazirliyi, Baş Qərargah, Quru Qoşunları Komandanlığı, Dəniz Qüvvələri Komandanlığı, Hərbi Hava Qüvvələri Komandanlığı, Jandarma Baş Komandanlığı və Sahil Mühafizəsi Komandanlığı iştirak edir. Təlim sahəsi Türkiyə Müdafiə Sənayesi Rəyasət Heyətinin koordinasiyasında 47 müdafiə sənayesi şirkəti tərəfindən yerli və milli istehsal edilən və Türkiyə Silahlı Qüvvələrinin inventarında olan məhsulların sərgiləndiyi Müdafiə Sənayesi Məhsulları Sərgisini əhatə edir.
ASELSAN həmçinin Doğanbey Təlim Bölgəsində keçirilən Müdafiə Sənayesi Sərgisində elektron müharibədən rabitə sistemlərinə, elektro-optik sistemlərdən komanda və idarəetmə avadanlıqlarına qədər məhsul çeşidində 70-ə yaxın sistemlə iştirak edir.
Təlim sahəsində ASELSAN-ın TAKKS Manevr İdarəetmə Sistemi, Kocatepe Döyüş Sahəsi İdarəetmə Sistemi, MİDAS Akustik Sensor Sistemi, İHTAR Anti-Dron Sistemi, Karakulak Mobil HF ED Modeli, Sancak Mobil HF ED Modeli, Puhu Mobile V/UHF Dinləmə Qısayol Modeli, CETVEL- 300 Lazer Range Finder, ASELFLIR 600 EO Kəşfiyyat, Nəzarət və Hədəf Sistemi və Tolun Sursat kimi ən müasir sistemləri sərgilənir.
Bundan əlavə, ASELSAN-ın sərhəd təhlükəsizliyi sistemləri üçün ayrıca stend yaradılıb. Bu stenddə ASELSAN tərəfindən milli qaynaqlarla hazırlanmış AURA Çoxfunksiyalı Müşahidə Radarı, Karakurt EO Sensor Sistemi, Şahin Sistemi kimi məhsullar yerli və xarici ziyarətçilərə təqdim olunur.