Bakı, TurkicWorld:
İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyətini daşıyan helikopterin qəzaya uğraması qlobal və regional təhlükələrin daha yüksək səviyyəyə keçməsinə səbəb olub.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Devlet Bahçeli deyib.
"Regional sülh və əmin-amanlıq naminə qəzanın araşdırılması zəruridir. BMT dərhal təşəbbüs göstərməli və müstəqil beynəlxalq araşdırma komissiyası yaradılmalıdır", - deyə o bildirib.
Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfər həlak olub.