Sinopda ikinci AES-in tikintisi üçün Türkiyə ilə müzakirələr davam edir

Sinopda ikinci AES-in tikintisi üçün Türkiyə ilə müzakirələr davam edir

Bakı. TukicWorld:

Sinopda planlaşdırılan ikinci atom elektrik stansiyasının tikintisi ilə bağlı Türkiyə ilə müzakirələr davam edir.

TukicWorld xəbər verir ki, bu barədə Rusiya Dövlət Nüvə Enerjisi Korporasiyası (Rosatom) baş direktorunun müavini Kirill Komarov açıqlayıb.

"Türkiyə hökuməti ilə Sinop Atom Elektrik Stansiyasında Rusiya texnologiyasına əsaslanan layihənin həyata keçirilməsi imkanını müzakirə edirik. Bu gün biz hələ danışıqların ilkin mərhələsindəyik, ona görə də onun hansı model olacağını, tarifin və müddətin necə olacağını dəqiq söyləmək tezdir", - deyə o bildirib.

Komarov onu da qeyd edib ki, Rosatom Akkuyu AES layihəsi çərçivəsində türk şirkətləri ilə 5 milyard dollardan çox məbləğdə müqavilə imzalayıb. 5 milyard dollar yalnız türk şirkətlərinin Akkuyu üçün gördüyü işlərə görədir və bununla da bitməyəcək. Hazırda biz birinci reaktoru tamamlamaq mərhələsindəyik, ona görə də bu rəqəmlərdə artım olacaq. Biz istəyirik ki, bu layihədə əldə olunan təcrübə növbəti AES-in tikintisində öz əksini tapsın", - deyə o vurğulayıb.

Qeyd edək ki, Akkuyu Atom Elektrik Stansiyası 2010-cu il mayın 12-də Türkiyə və Rusiya prezidentləri arasında imzalanmış müqavilə çərçivəsində Türkiyənin Mersin vilayətinin Büyükeceli bölgәsindә tikilib.

2018-ci ilin aprel ayında birinci reaktorun, 2020-ci ilin iyun ayında ikinci reaktorun, 2021-ci ilin mart ayında üçüncü reaktorun, 2022-ci ilin iyun ayında isə sonuncu reaktorun təməli qoyulub.

2023-cü il aprelin 27-də Atom Elektrik Stansiyasına ilk yanacaq yüklənib.

Ümumi gücü 4 min 800 meqavat olan dörd blokdan ibarət Akkuyuda dörd reaktorun bir il fərqlə istifadəyə verilməsi planlaşdırılır. Dörd reaktorun istismara verildiyi zaman ildə cəmi 35 milyard kilovat-saat elektrik enerjisi istehsal ediləcək və Türkiyənin elektrik enerjisinə ehtiyacının təxminən 10 faizini qarşılayacağı gözlənilir. AES ilə ildə 17 milyon ton karbon emissiyasının qarşısı alınacaq.

Rusiyanın “Rosatom” dövlət korporasiyası tərəfindən tikilən Türkiyənin ilk atom elektrik stansiyası - “Akkuyu” AES-ə yeni nəsil reaktorları ilə təchiz olunan dörd enerji bloku daxildir. AES-in hər bloku 1200 MVt gücündə enerji generasiya edəcək.

X: Lamanasadli01