Səudiyyə Ərəbistanının “Vision 2030” layihəsində türk podratçılar önə çıxır - Mahmut Asmalı

Səudiyyə Ərəbistanının “Vision 2030” layihəsində türk podratçılar önə çıxır - Mahmut Asmalı

Bakı. TurkicWorld:

Səudiyyə Ərəbistanının “Vision 2030” layihəsində türk podratçılar önə çıxır.

TurkicWorld-un məlumatına görə, bu barədə MÜSİAD sədri Mahmut Asmalı deyib.

O, Səudiyyə Ərəbistanının “Vision 2030” layihəsi çərçivəsində 3,3 trilyon dollarlıq layihənin həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

"Danışıqlar zamanı bizə bildirilib ki, tikintidə ən mühüm tərəfdaşlar kimi türk şirkətlərinə üstünlük veririk. Çünki türk podratçılıq sektoru bir çox ölkədə uğurlu işlər görür" - deyə Asmalı qeyd edib.

Ötən həftənin əvvəlində Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil edilən MÜSİAD Türk İxrac Məhsulları Sərgisi ilə başlayan 27-ci Beynəlxalq Biznes Forumu (İBF) bu gün Mədinədə keçiriləcək ikitərəfli iş görüşmələri ilə davam edir.

MÜSİAD sədri Asmalı bildirib ki, Beynəlxalq Biznes Forumu MÜSİAD olaraq ən çox əhəmiyyət verdikləri təşkilatlardan biridir.

Asmalı müsəlman iş adamları arasında “qlobal biznes şəbəkəsi” yaratmaq ideyasına əsaslanan platformanın 25 ölkədən 42 iş birliyini bir araya gətirdiyini qeyd edib.

O bildirib ki, Səudiyyə Ərəbistanında keçirilən IBF-ə Türkiyədən 300-ə yaxın iş adamı ilə gəliblər.

"Riyaddan sonra Ciddə Ticarət Palatası ilə əməkdaşlıq çərçivəsində Ciddədə proqramlar keçirdik. Sammit Mədinədə keçiriləcək ikitərəfli işgüzar görüşlər və panellərlə yekunlaşacaq.” - deyə Asmalı qeyd edib.

Hafiz Rufizoğlu