İsrail humanitar yardımdan silah kimi istifadə edir - Hakan Fidan

İsrail humanitar yardımdan silah kimi istifadə edir - Hakan Fidan

Bakı. TurkicWorld:

Hamımız bilirik ki, İsrail humanitar yardımdan müharibədə silah kimi istifadə edir.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Fidan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirlərinin Fövqəladə Şurasında çıxışı zamanı deyib.

Türkiyə XİN onu da vurğulayıb ki, Qəzza ətrafındakı blokada dərhal yarılmalıdır.

"Vətəndaş cəmiyyəti və insan haqları təşkilatlarının risk alaraq Qəzzaya girməsinə icazə verilməlidir. Biz İsrailin Haram-Əl-Şərifə tətbiq edə biləcəyi hər hansı məhdudiyyətə qarşı möhkəm dayanmalıyıq", - deyə o əlavə edib.

Qeyd edək ki, 29 fevral tarixində Qəzza şəhərinin cənubundakı Dovar ən-Nablusi yaxınlığında yüzlərlə fələstinli yardım gözləyərkən İsrail tərəfindən atəşə tutulub.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 30 mindən çox fələstinli həlak olub, 72 mindən çox adam isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.

İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.

X: Lamanasadli01