Türkiyə XİN Xocalı Soyqırımının 32-ci ildönümü ilə bağlı anım mesajı yayımlayıb

Türkiyə XİN Xocalı Soyqırımının 32-ci ildönümü ilə bağlı anım mesajı yayımlayıb

Bakı. TurkicWorld:

Türkiyənin Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar başsağlığı mesajı yayıb. Mesajda “Günahsız mülki əhalinin qətliamını qınayırıq” ifadələri yer alıb.

TurkicWorld-un məlumatına görə, Türkiyə XİN-dən verilən yazılı açıqlamada xatırladılıb ki, 1992-ci il fevralın 26-da Azərbaycanın Qarabağ bölgəsinin Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən 613 günahsız Azərbaycan vətəndaşı qətlə yetirilib, yüzlərlə insan yaralanıb.

“1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərində günahsız dinc əhaliyə qarşı törətdiyi qətliamı pisləyirik. Həmin gün baş verən vəhşilik bəşər tarixində qara iz buraxıb. Xocalıda şəhid olan 613 qardaşımızın və həmin gün yaralanan, əsir düşən və itkin düşən bütün azərbaycanlıların ağrıları hələ də ürəyimizdədir. Xocalı qətliamında həyatını itirənlərə Allahdan rəhmət diləyir və Azərbaycan xalqına bir daha başsağlığı veririk”,- deyə nazirliyin mesajında qeyd olunub.

Qeyd edək ki, bu gün Xocalı soyqırımından 32 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.