Zəlzələdən zərər çəkən sahibkarlara maliyyə dəstəyi ayrılıb - Bolat

Zəlzələdən zərər çəkən sahibkarlara maliyyə dəstəyi ayrılıb - Bolat

Bakı. TurkicWorld:

Türkiyədə 6 fevral zəlzələlərindən ən çox zərər çəkən Kahramanmaraş, Hatay, Malatya və Adıyamanda olan sahibkar və sənətkarlara 400 milyon lirəlik yeni maliyyə dəstəyi ayrılıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə ticarət naziri Ömer Bolat deyib.

" Cənab prezidentimizin yeni hökumət qurulanda ilk vəzifə kimi zəlzələ zonalarının yenidən qurulması və inkişafına üstünlük verilməsi barədə göstəriş verməsi, inflyasiya ilə mübarizə hökumətimizin iki ən mühüm prioritet məqsədidir. Bu məqamda ötən ilə nəzər saldıqda şəhərlərimizin sürətlə dirçəldilməsi bizi sevindirir. Söküntülər aradan qaldırıldıqdan sonra şəhərlərimizin görkəmi yaxşılaşıb, ərazilərində mənzil-tikinti işləri çox sürətlə aparılır. Təxminən 650 min ağır və orta ziyanlı mənzilin təmir işləri sürətlə davam edir. Bu günə kimi 200 mindən çox evin tenderi keçirilib və tikinti sürətlə gedir",- deyə nazir bildirib.

Bolat qeyd edib ki, şəhərlərin iqtisadi, ticarət, sənaye və digər sahələrdə fəaliyyətlərinin sürətləndirilməsi böyük əhəmiyyət kəsb edir.

Nazirlik olaraq zəlzələnin ilk anından bəri təmin edilə biləcək bütün imkanları və xidmətləri təmin etdiklərini ifadə edən Bolat vurğulayıb ki, Halkbank vasitəsilə bölgədəki müəssisələrə 50 faiz ilə 2,2 milyard lirə maliyyə dəstəyi verilib.

Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı 50 min 783-ə çatıb.

Aytac Süleymanova

Twitter: a_alieva_