Türkiyə regional və qlobal səviyyədə böhranların həllində mühüm rol oynayır - Altun

Türkiyə regional və qlobal səviyyədə böhranların həllində mühüm rol oynayır - Altun

Bakı. TurkicWorld:

Türkiyə, regional və qlobal səviyyədə oyun qurucusu olan, ona qarşı yaradılmağa çalışılan oyunları pozan, problemlərin və böhranların həllində fəal rol oynayan bir ölkədir.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun deyib.

"Türkiyə ilə Avstriya arasında siyasi əlaqələr qarşılıqlı yüksək səviyyəli səfərlər və strateji görüşlər vasitəsilə möhkəmlənib və bu əlaqələrin güclənməsi iki ölkənin qlobal miqyasda birgə fəaliyyət göstərməsinə, eyni zamanda bir çox məsələlərdə ortaq mövqe tutmasına təkan verib. Ölkələr arasındakı iqtisadi əlaqələrə gəldikdə isə ümumi ticarət həcmi, təxminən, 4 milyard dollara çatıb. Cənab Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü vizyon çərçivəsində bu ticarət həcminin qısa müddət ərzində 5 milyard dolları keçəcəyini gözləyirik. Mədəniyyət, incəsənət və turizm sahələrində də əlaqələrimiz əhəmiyyətli bir inkişaf nümayiş etdirir",- deyə Altun bildirib.

Altun qeyd edib ki, Türkiyənin 7 oktyabrdan etibarən dünya gündəmini zəbt edən Qəzza böhranı kontekstində sülh yolu ilə həll yolları axtarması və BMT parametrləri çərçivəsində iki dövlətli həlli dəstəkləyən yanaşması mühüm addımlardır. Bugünkü Türkiyə təkcə öz sərhədləri daxilində deyil, regional və qlobal səviyyədə oyun qurucusu olan, ona qarşı yaradılmağa çalışılan oyunları pozan, problemlərin və böhranların həllində fəal rol oynayan bir ölkədir.

"Türkiyə-Avstriya əlaqələrinin gələcəkdə də möhkəmlənəcəyinə tam inanırıq. Türkiyə sülhün, sabitliyin və əməkdaşlığın güclü tərəfdarı olaraq yoluna davam edəcək və atdığı hər addımla həm ölkəmiz, həm də dünya üçün daha yaxşı bir gələcəyin qurulmasına töhfə verəcək. Ümid edirəm ki, 100 il davam edən dostluğumuz və əməkdaşlığımız gələcəkdə daha da artacaq”,- deyə o əlavə edib.

Aytac Süleymanova

Twitter: a_alieva_