Macarıstan TDT ilə Avropa İttifaqı arasında körpü rolunu oynayır - Ərdoğan

Macarıstan TDT ilə Avropa İttifaqı arasında körpü rolunu oynayır - Ərdoğan

Bakı. TurkicWorld:

Macarıstan Türk Dövlətləri Təşkilatı ilə Avropa İttifaqı arasında körpü rolunu oynayır

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

"Səfər çərçivəsində ikitərəfli əlaqələrlə yanaşı, Türkiyə-Avropa İttifaqı münasibətləri, Ukrayna və Qəzza münaqişələri də müzakirə edilən mövzular arasında idi. Macarıstan gələn ilin ikinci yarısında Avropa İttifaqına sədrlik edəcək. Bu kontekstdə strateji tərəfdaşımız Macarıstanın Avropa İttifaqına üzvlüyümüzə dəstəyini bir daha təsdiqləməsi vacibdir. Macarıstanın Türk Dövlətləri Təşkilatı ilə Avropa İttifaqı arasında əlaqələrin möhkəmlənməsinə töhfə verən mövqeyi var. Təbii ki, bu, Türkiyə-Macarıstan münasibətlərində də özünü göstərir", - deyə o əlavə edib.

Türkiyə prezidenti onu da vurğulayıb ki, Macarıstanla təxminən 4 milyard dollar səviyyəsində olan ticarət həcminin 6 milyard dollara çatdırılması hədəflənir.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 18 dekabr tarixində Macarıstana rəsmi səfər edib. Səfər çərçivəsində Türkiyə və Macarıstan arasında prioritet strateji tərəfdaşlıq sazişi imzalanıb.

X: Lamanasadli01