Son dəqiqə

Türkiyə Akkuyu Atom Elektrik Stansiyası (AES)

Akkuyu AES-in birinci blokunda istismara verilmə mərhələsi başlayacaq

Bakı. TurkicWorld:

Akkuyu Atom Elektrik Stansiyasının (AES) birinci blokunda ümumi tikinti işlərinin ilin sonunadək başa çatdırılması və istismara verilməsi mərhələsinə başlanacağı gözlənilir.

TurkicWorld xəbər verir ki, bu barədə Akkuyu AES-in inşaat müdiri köməkçisi Dmitri Romanets açıqlama verib.

Romanets onu da bildirib ki, Akkuyu AES-də digər əsas mərhələ oktyabrın 29-da kadrların təlim keçəcəyi simulyator mərkəzinin açılışıdır.

"Birinci enerji blokunda 158 struktur ilkin istehsala hazır olmalıdır. Demək olar ki, hamısında tikinti işləri başa çatdırılıb. Kabellərin çəkilməsi, elektrik xətlərinin birləşdirilməsi, boruların çəkilməsi kimi işlər davam etdirilir", - deyə o qeyd edib.

D.Romanets vurğulayıb ki, Akkuyu AES-in dörd enerji blokunun hamısının işə salınması ilə 18 milyon ton emissiyanın qarşısı alınacaq.

"Başqa sözlə, təkcə Akkuyu AES Türkiyənin xalis sıfır emissiya hədəfinin 17 faizini həyata keçirəcək. Bu səbəbdən Akkuyu AES-in tikintisinin başa çatdırılması və istismara verilməsi Türkiyənin 2053-cü il hədəfinə çatmasında mühüm rol oynayacaq”, - deyə o əlavə edib.

Qeyd edək ki, Akkuyu Atom Elektrik Stansiyası 2010-cu il mayın 12-də Türkiyə və Rusiya prezidentləri arasında imzalanmış müqavilə çərçivəsində Türkiyənin Mersin vilayətinin Büyükeceli bölgәsindә tikilib.

2018-ci ilin aprel ayında birinci reaktorun, 2020-ci ilin iyun ayında ikinci reaktorun, 2021-ci ilin mart ayında üçüncü reaktorun, 2022-ci ilin iyun ayında isə sonuncu reaktorun təməli qoyulub.

Aprelin 27-də Atom Elektrik Stansiyasına ilk yanacaq yüklənib.

Ümumi gücü 4 min 800 meqavat olan dörd blokdan ibarət Akkuyuda dörd reaktorun bir il fərqlə istifadəyə verilməsi planlaşdırılır. Dörd reaktorun istismara verildiyi zaman ildə cəmi 35 milyard kilovat-saat elektrik enerjisi istehsal ediləcək və Türkiyənin elektrik enerjisinə ehtiyacının təxminən 10 faizini qarşılayacağı gözlənilir.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər