Bakı. TurkicWorld:
Türkiyənin Otokar şirkəti, Estoniyanın paytaxtı Tallində, ARMA 4X4 və 6x6 zirehli transportyorunun Estoniya təhlükəsizlik qüvvələri tərəfindən istifadə edilməsi üçün müqavilə imzalayıb.
TurkicWorld bunu Türkiyə KİV-lərinə istinadən xəbər verir.
Otokar imzaladığı müqavilə çərçivəsində, ARMA 6X6 zirehli personal daşıyıcılarını Avropadakı rəqiblərini geridə qoyaraq, təxminən, 130 milyon avroya ixrac edəcək. Nəqliyyat vasitələri ilə yanaşı texniki xidmət avadanlığı və təlim xidmətlərini də əhatə edən müqaviləyə əsasən, tədarüklərin 2024-cü ilin ikinci yarısında başlanması və 2025-ci ildə başa çatdırılması planlaşdırılır. Estoniyada imzalanan bu müqavilə ilə şirkət bazar müxtəlifliyini artıracaq.
ARMA 6X6 yüksək riskli bölgələrdə 5 fərqli istifadəçiyə xidmət göstərir.
Otokar çox yüksək mühəndislik imkanlarına malik bir şirkətdir. Otokarın yüksək taktiki və texniki xüsusiyyətləri olan çox təkərli modul zirehli maşını ARMA 6x6 hazırda müxtəlif coğrafiyalarda 5 fərqli istifadəçi inventarında aktiv şəkildə xidmət göstərir. ARMA 6x6 üstün hərəkətlilik, yüksək mina və ballistik müdafiə, həmçinin orta və yüksək çaplı silah sistemlərini birləşdirmək imkanı təklif edir. Yüksək taktiki-texniki xüsusiyyətlərə malik olan ARMA, geniş çeşidli variantları ilə ən çətin relyef və iqlim şəraitində özünü doğruldub.
ARMA 6x6 xüsusilə, yüksək döyüş çəkisi və böyük daxili həcmi ilə diqqət çəkir. ARMA istək və ehtiyaclara uyğun olaraq müxtəlif silah və qüllə sistemləri ilə təchiz edilə bilər. ARMA ailəsi zirehli personal daşıyıcısı, zirehli döyüş maşını, komanda idarəetməsi və KBRN kəşfiyyat vasitəsi kimi müxtəlif missiyalarda istifadə edilə bilər.
Aytac Süleymanova
Twitter: a_alieva_







