Türkiyə və BƏƏ-nin müdafiə sahəsində əməkdaşlığı getdikcə güclənir

Türkiyə və BƏƏ-nin müdafiə sahəsində əməkdaşlığı getdikcə güclənir

Bakı. TurkicWorld:

Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında müdafiə sənayesi əməkdaşlığının gücləndirilməsi istiqamətində yeni addım atılıb.

TurkicWorld-un məlumatına görə, Avropanın ən böyük sənaye klasteri olan SAHA İstanbul və BƏƏ-nin ən böyük müdafiə və aerokosmik şirkətlər qrupu olan EDGE Group-un birgə təşkil etdiyi SAHA-EDGE Müdafiə Sənayesi Toplantısı ATO Congresium-da keçirilib.

SAHA İstanbul üzvü 125 şirkət və 10 EDGE şirkətinin iştirak etdiyi tədbirdə EDGE-nin Türkiyədə fəaliyyətini həyata keçirmək üçün yaratdığı EDGE MALATH şirkətinin yaradılması da elan edilib.

EDGE, MALATH ilə Türkiyənin müdafiə sənayesində qurduğu güclü ekosistemin bir parçası olmağı hədəfləyir.

MALATH iki ölkənin müdafiə sənayesində satışlarını artırmaq, yeni texnologiyaların inkişafına və texnologiya transferinə töhfə vermək üçün çalışacaq. Beləliklə, hər iki ölkənin davamlı inkişafına dəstək olacaq. MALATH ticarət, inkişaf və istehsal funksiyalarına malik olacaq.

Tədbir çərçivəsində SAHA İstanbul və onun üzvləri ilə EDGE Group arasında 24 əməkdaşlıq müqaviləsi və xoşməramlı məktublar imzalanıb.

MALATH - SAHA İstanbul arasında Strateji Əməkdaşlıq Müqaviləsi ilə yanaşı, Türkiyənin müdafiə sənayesi şirkətləri Altınay, Assan, Baykar, ASELSAN, HAVELSAN, DADE Teknoloji, Best Grup, BİTES, TUSAŞ, MKE, Katmerciler, PAVO Group, STM, Roketsan, Titra Teknoloji , Tualcom, TEI , Sarsılmaz, YON Tech, Aspilsan, CANiK, Erin Motor və NETA Elektronik və EDGE Group arasında birgə iş üçün qapı açıldı.

SAHA İstanbul İdarə Heyətinin sədri Haluk Bayraktar və EDGE Qrup İdarə Heyətinin sədri Faysal Əl Bannai imza mərasimlərindən sonra mətbuata açıqlamalar verib.

Bayraktar bildirib ki, MALATH Türkiyə ilə əlaqələr üçün EDGE Group tərəfindən yaradılıb.

“MALATH-ın yeganə funksiyası, şirkətlə əlaqələr qurmaq olacaq. Buraya birbaşa ticarət, investisiya, birgə inkişaf daxildir. BƏƏ ilə müdafiə sənayesi iş birlikləri artıq böyük ölçüdə davam edir. SAHA çərçivəsində üzvlərimizlə xoşməramlı məktublar imzaladıq, orta və kiçik şirkətlərimiz də prosesdə iştirak edir. BƏƏ-nin müdafiə sənayesinə böyük sərmayəsi var. Artıq hər ölkənin özünü təmin etmək kimi bir gündəmi var və biz alternativ təchizat zəncirlərinin yaradılmasını, nə cür sinerji yarada biləcəyimizi axtarırıq. Biz buna təkcə iri miqyaslı şirkətləri deyil, həm də orta və kiçikləri cəlb etməklə nail olmaq istəyirik",- deyə Haluk Bayraktar vurğulayıb.

Faisal El Bannai əlavə edib ki, SAHA İstanbul ilə qurduqları əməkdaşlıqla iki ölkə arasında müdafiə sənayesi sahəsində əlaqələri daha yüksək səviyyələrə çıxarmağı hədəfləyirlər.