Türkiyə-Aİ iqtisadi və ticarət əlaqələrində müsbət tendensiya davam edir

Türkiyə-Aİ iqtisadi və ticarət əlaqələrində müsbət tendensiya davam edir

Bakı. TurkicWorld:

Türkiyə ilə Avropa İttifaqı arasında iqtisadi və ticarət əlaqələrində müsbət tendensiya davam edir.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat məlumat verib.

“Türkiyə ilə Aİ arasında iqtisadi əlaqələri inkişaf etdirmək və dərinləşdirmək, Gömrük İttifaqında yaranan bəzi problemləri aradan qaldırmaq, Türkiyə-Avropa İttifaqı dialoqunu və daha dərin əlaqələri başlatmaq üçün Aİ rəsmiləri ilə əlaqələrlə bağlı çox müsbət atmosfer var. Aİ Komissiyasının genişlənmə hesabatı noyabr ayında açıqlanacaq və bu hesabatın Türkiyə hissəsi əhəmiyyətlidir. Aldığımız məlumat budur ki, bu hesabatda Türkiyənin xarici siyasəti baxımından müsbət bir inkişaf yazılacaq",- deyə Bolat bildirib.

Dekabrın ortalarında Aİ-yə üzv dövlətlərin liderlərinin Brüsseldə zirvə toplantısı keçirəcəyini bildirən Bolat, liderlərin Komissiya tərəfindən hazırlanacaq yol xəritəsi əsasında Türkiyə ilə münasibətlərin yaxşılaşdırılmasına dair qərarlar verəcəyini qeyd edib.

Ömər Bolat Türkiyə ilə Aİ ölkələri arasında viza, nəqliyyat kvotaları və gömrük prosedurları ilə bağlı iş dünyasının qarşılaşdığı problemlərlə bağlı fikirlərini və həlli tələblərini Aİ səlahiyyətlilərinə çatdırdıqlarını da vurğulayıb.

"Doğru yoldayıq. Addım-addım irəliləyəcəyik. İqtisadiyyat və ticarətdə daha dərin və inkişaf etmiş əlaqələr inkişaf etdirdikcə, siyasi ixtilafların və problemlərin həlli üçün də çalışacağıq. Keçən il Aİ ölkələri ilə ümumi ticarətimiz 196 milyard dollar idi və xarici ticarət profisiti verdik. Amma təqribən, xarici ticarətimiz balanslaşdırılmışdır, bunu məmnuniyyətlə deyə bilərəm",- deyə Türkiyəli nazir əlavə edib.

Qeyd edək ki, dünən Türkiyənin ticarət naziri Ömər Bolat Brüsselə səfər edib. Təmasları çərçivəsində nazir Bolat Aİ-nin yüksək səviyyəli rəsmiləri ilə görüşlər keçirib, Brüsselin ən mühüm beyin mərkəzlərindən biri olan Bruegel və Avropa Siyasət Mərkəzinin (EPC) tədbirlərində iştirak edib, iş dünyası və qeyri-hökumət təşkilatının nümayəndələri ilə görüşüb.

Aytac Süleymanova

Twitter: a_alieva_