Son dəqiqə

Türkiyə TBMM Türk İnvestisiya Fondu

Türk İnvestisiya Fondunun yaradılması haqqında sazişin təsdiq edilməsi ilə bağlı qanun layihəsi TBMM-ə təqdim edilib

Bakı. TurkicWorld:

Türk İnvestisiya Fondunun yaradılması haqqında sazişin təsdiq edilməsi ilə bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilib.

TurkicWorld xəbər verir ki, təklifə əsasən, Türkiyə Respublikasının Türk İnvestisiya Fonduna kapital töhfəsi öhdəliyi və bu öhdəlik çərçivəsində həyata keçiriləcək ödənişlər 100 milyon ABŞ dolları ekvivalentindən çox ola bilməz. Türkiyə Prezidentinin müəyyən edilmiş məbləği beş dəfəyə qədər artırmaq səlahiyyəti olacaq.

Təklifə əsasən, fondun ümumi nizamnamə kapitalı 500 milyon ABŞ dolları təşkil edəcək ki, bunun da 350 milyon ABŞ dolları ödənilmiş kapital, 150 milyon ABŞ dolları isə tələb olunan kapitaldır.

Türkiyənin fond qarşısında öhdəliyi 70 milyon dolları ödənilmiş kapital və 30 milyon dolları tələb olunan kapital daxil olmaqla, ümumilikdə 100 milyon ABŞ dolları məbləğində müəyyən edilib.

Bundan əlavə, fondun baş ofisi İstanbulda yerləşəcək.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatı 8-ci Dövlət Başçıları Zirvə toplantısında üzv ölkələr tərəfindən “bərabər kapital töhfəsi və bərabər səsvermə hüququ” prinsipi çərçivəsində Türk İnvestisiya Fondunun yaradılması qərara alınıb. Bu çərçivədə 16 mart 2023-cü il tarixində Ankarada keçirilən TDT Fövqəladə Zirvə Toplantısında Türk İnvestisiya Fondunun təsis edilməsinə dair müqavilə imzalanıb.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər