Sənaye və texnologiya sahəsində Türkiyə yeni bir inqilab yaradıb - Mehmet Fatih Kacır

Sənaye və texnologiya sahəsində Türkiyə yeni bir inqilab yaradıb - Mehmet Fatih Kacır

Bakı. TurkicWorld:

Sənaye və texnologiya sahəsində Türkiyə yeni bir inqilab yaradıb.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır danışıb.

"Artıq avtomobillərimiz nəqliyyat vasitəsinə deyil, ağıllı cihazlara çevrilir. Biz TOGG-u ağıllı və elektrikli avtomobil kimi dizayn etdik. Beləliklə, Türkiyənin bu dəfə inqilabda tamaşaçı yox, öncül olmasını təmin etdik. Biz TOGG-u türk mühəndis və texniklərinin mobillik sahəsində nələrə nail ola biləcəklərinin sübutu və bütün dünyaya elanı olaraq görürük",- deyə nazir bildirib.

Qeyd edək ki, Türkiyənin ilk elektrikli avtomobili olan TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.

TOGG satışa başladıqdan sonra dörd ay ərzində bütün elektrikli avtomobil bazarında ən çox satılan marka və model kateqoriyası üzrə liderə çevrilib. TOGG 2023-cü ilin yanvar-avqust aylarında T10X modeli ilə 3 min 400 tədarükü tamamlayaraq elektrikli avtomobil seqmentinin lokomotiv markası olmağı bacarıb.