Türkiyə Argentinaya ANKA PUA ixrac edə bilər

Türkiyə Argentinaya ANKA PUA ixrac edə bilər

Bakı. TurkicWorld:

Türkiyənin Türk Aerokosmik Sənayesi (TUSAŞ) rəsmiləri ilə Argentinanın müdafiə naziri Xorxe Tayana arasında görüş keçirilib.

TurkicWorld xəbər verir ki, görüşdə Türkiyənin Argentinadakı səfiri Süleyman Ömür Budak və Argentina Baş Qərargah nümayəndələri də iştirak edib.

Məlumata əsasən, görüş çərçivəsində Argentina və Türkiyə tərəfləri müdafiə sənayesi sahəsində istehsal imkanlarının inkişaf etdirilməsi, mal və xidmətlərin tədarükü, saxlanması və müvafiq texniki dəstək sahəsində əməkdaşlığın qurulmasını nəzərdə tutan saziş imzalamaq barədə razılığa gəliblər.

İclasda sabit və fırlanan qanadlı təyyarələr, pilotsuz uçuş aparatları, müşahidə və rabitə peykləri haqqında təqdimatlar edilib.

Bundan əlavə, görüş zamanı TUSAŞ rəsmiləri Argentina tərəfinə ANKA Silahlı Pilotsuz Uçuş Aparatı (PUA) ilə bağlı da konkret təklif irəli sürüblər. Təklif Argentinanın müdafiə sənayesi sektorunun inkişafını təmin etmək üçün ANKA-nın mümkün tədarükü halında istehsal sahəsində əməkdaşlıq müqavilələrinin imzalanmasını da əhatə edir.

Ləman Əsədli
Twitter: Lamanasadli01