Bakı. TurkicWorld:
Qarabağın tam azadlığa qovuşması məni çox sevindirir.
TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Baykar şirkətinin İdarə Heyətinin sədri Səlçuk Bayraktar deyib.
Türkiyənin Texnologiya Komandası Vəqfi (T3 Vəqfi) Mütəxəssislər Şurasının sədri Səlçuk Bayraktar, Bakıda keçirilən “74-cü Beynəlxalq Astronavtika Konqresi (İAC)”nin açılış toplantısında iştirak edib.
Görüşdən sonra mətbuata açıqlama verən Bayraktar, bir türk millətinin oğlu olaraq Qarabağın tam azadlığa qovuşmasından çox xoşbəxt olduğunu bildirib. 74-cü Beynəlxalq Kosmos Konqresinə Türkiyə Kosmik Agentliyi başda olmaqla, bir çox türk şirkətinin qatıldığını bildirən Bayraktar qeyd edib ki, Cümhuriyyətimizin 100-cü ildönümündə TEKNOFEST-in finalını İzmirdə keçirdik və konqresə 500-ə yaxın TEKNOFEST çempionu ilə gəldik.
"Azərbaycanı ikinci vətənim kimi görürəm və burada olmaqdan çox xoşbəxtəm. Azərbaycanın haqq işini hər zaman beynəlxalq sferalarda dəstəkləməyimiz bizim “bir millət, iki dövlət” olduğumuzun nümunəsidir",- deyə Bayraktar bildirib.
Səlçuk Bayraktar vurğulayıb ki, yaşadığımız çağdakı təsirlərinə görə, texnologiya çox mühüm əməkdaşlıq sahəsidir, çünki o, xalqların suverenliyi və müstəqilliyi ilə birbaşa bağlıdır. Kosmos sahəsi də çox vacibdir.
"Biz Azərbaycanla pilotsuz uçuş aparatları sahəsində də əməkdaşlıq edirik. Şirkətimizi burada qurduq və o, eyni zamanda texnologiyanın inkişafı üzərində işləyir. Yenə də müdafiə sənayesi qurumlarımızın çoxlu təşəbbüsləri var",- deyə Bayraktar əlavə edib.







