Son dəqiqə

Türkiyə STM Türkiyənin Müdafiə Sənayesi

Türkiyədə helikopterlər yerli texnologiyanın köməyi ilə milli gəmilərə enəcək

Bakı. TurkicWorld:

Türkiyədə helikopterlər yerli texnologiyanın köməyi ilə milli gəmilərə enəcək.

TurkicWorld-un məlumatına görə, Türkiyə Hərbi Dəniz Qüvvələrinin gəmilərində istifadə üçün Kanadadan alınarkən məhdudlaşdırılan Helikopter Tutma və Ötürmə Sistemi üçün lokallaşdırma fəaliyyəti həyata keçirilib. Xaricdən tədarük edilərkən embarqoya məruz qalan Helikopter Tutma və Transfer Sistemi bundan sonra yerli texnologiyanın köməyi ilə milli gəmilərə enəcək. Çox qısa müddətdə xidmətə hazır vəziyyətə gətirilən sistem, inventara daxil ediləcək və yeni gəmilərdə yerini tutacaq.

Türkiyənin Müdafiə Sənayesi Rəyasət Heyətinin (SSB) koordinasiya etdiyi işlər çərçivəsində, 2021-ci ilin may ayında STM Müdafiə Texnologiyaları Mühəndislik və Ticarət A.Ş. ilə Altınay Müdafiə Texnologiyaları arasında imzalanan Helikopter Tutma və Transfer Sisteminin lokalizasiyası və təchizat layihəsi yekunlaşıb.

Aprel ayında gəmiqayırma zavoduna təhvil verilən Helikopter Tutma və Transfer Sisteminin ilk milli freqat TCG İstanbulda quraşdırılması və inteqrasiyası İstanbul Gəmiqayırma Zavodu Komandanlığının dəstəyi ilə həyata keçirilib. Sistemin liman qəbul sınaqları Türkiyənin Müdafiə Sənayesi Rəyasət Heyətinin, Dəniz Qüvvələri Komandanlığı və STM nümayəndələrinin iştirakı ilə tamamlanıb.

Altınay Müdafiə Texnologiyaları və STM tərəfindən avqust ayında "İlk əməliyyat hazırlıq testləri" həyata keçirilib. Bu sınaqlar çərçivəsində, sistem ilk dəfə gəmidə işlədilib və bütün funksiyalar ətraflı şəkildə yoxlanılıb.

“İlk əməliyyat hazırlıq testləri”ndən sonra SH-70 Sea Hawk helikopterinin yaxınlaşması ilə ilk helikopter sınaqları həyata keçirilib. Sistem SH-70 helikopterinin yerini müvəffəqiyyətlə müəyyən edib və Helikopter Tutma və Transfer Sistemi ilə onu izləyib.

“Liman qəbul testləri” zamanı sistemin bütün funksiyaları sınaqdan keçirilib və yoxlanılıb. Sınaqlar nəticəsində, yerli olaraq hazırlanmış sistemin SH-70 Sea Hawk helikopterini endirməyə hazır olduğu sübuta yetirilib. Sınaqların son mərhələsində SH-70 Sea Hawk helikopteri sistem tərəfindən verilən vizual eniş dəstəyi ilə gəmiyə yaxınlaşaraq göyərtəyə enəcək. Daha sonra helikopter sistem tərəfindən mühafizə olunacaq və anqara köçürüləcək.

Vertolyotların tutulması və ötürülməsi sistemi helikopterlərin gəmiyə təhlükəsiz enişini, bərkidilməsini və anqara çəkilməsini təmin etmək üçün təchiz edilmişdir. Helikopterə quraşdırılmış kamera və lazer sistemi kimi alt komponentlərdən istifadə edilən sistemdə helikopterin mövqeyi görüntü işlənməsi ilə hesablanır. Bu hesablanmış məlumatlar vertolyotu sürətli tutma cihazı vasitəsilə düzgün bucaq altında saxlamağa imkan verir.

Helikopter eniş edərkən sürətli tutma qurğusunun pəncəsi ani bir hərəkət edərək helikopteri tutur. Bütün bu əməliyyatlar zamanı eniş zonasında şəxsi heyətin olmasına ehtiyac yoxdur. Tək bir heyət nəzarət nöqtəsindən prosesi həyata keçirə bilər. “Rekord müddətdə” xidmətə hazır vəziyyətə gətirilən sistem inventar daxil olacaq yeni gəmilərdə də yerini tutacaq, milli gəmilərdə lokallaşma sürətini artıracaq, müdafiə sənayesinin ixrac maddələrinə qatılacaq.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər