THY təyyarələrinin sayını artırır

THY təyyarələrinin sayını artırır

Bakı. TurkicWorld:

Türk Hava Yolları təyyarələrinin sayını artırır.

TurkicWorld-un məlumatına görə, Türk Hava Yolları şirkəti daha əvvəl seçim etdiyi 4 Airbus A350-900 tipli təyyarənin sifarişini yekunlaşdırıb.

“Rəqibsiz iqtisadi üstünlükləri və səmərəliliyi ilə yeni nəsil geniş gövdəli təyyarələr arasında özünəməxsus yeri olan A350-nin Türk Hava Yollarının böyümə hədəflərinə verdiyi töhfədən qürur duyuruq. Yeni sifarişlər 20 ildir Airbus ekosisteminin və tədarük zəncirinin ayrılmaz hissəsi olan Airbus ilə Türkiyə arasında möhkəm əlaqələrin göstəricisidir. Türk aviasiya sənayesi, Türk Hava Yolları və Airbus arasında uzunmüddətli əməkdaşlıq hər yeni addımla genişlənir və güclənir”, - deyə Airbus Ticarət Təyyarələri (CCO) rəhbəri Kristian Şerer qeyd edib.

A350 təyyarəsi dünyanın iri aviaşirkətlərindən 1 000-dən çox sifariş alan ən müasir və səmərəli geniş gövdəli təyyarədir və uzun uçuş məsafəsi ilə 300-410 sərnişin tutumuna malik təyyarələr kateqoriyasında liderdir. Gözoxşayan dizaynı, innovativ texnologiyaları, aerodinamikası, yüngül çəkisi və yeni mühərrikləri sayəsində o, əvvəlki nəsil rəqib təyyarələrlə müqayisədə yanacaq sərfiyyatına, istismar xərclərinə və CO2 emissiyalarına 25 faiz qənaət edir və 50 faiz daha sakit uçuş rahatlığı təklif edir.