Türkiyə limanları dünya reytinqinə daxil olub

Türkiyə limanları dünya reytinqinə daxil olub

Bakı. TurkicWorld:

Türkiyə limanları dünya reytinqi siyahısında yer alıb.

TurkicWorld-un məlumatına görə, dünyanın ən qədim və ən prestijli nəşri “Lloyd's List” tərəfindən hazırlanan "Dünyanın 100 ən yaxşı limanı" hesabatında Türkiyənin dörd limanı ilk 100 liman arasında yer alıb. Ambarlı, Kocaeli, Mersin və Tekirdağ inzibati sərhədləri içərisində olan limanlar 2022-ci il üzrə qiymətləndirmədə dünyanın ən yaxşı limanları arasında yer alıb. Ambarlı limanı siyahıya 74-cü, Kocaeli limanı 89-cu, Mersin limanı 92-ci və Tekirdağ limanı 100-cü yerdə daxil olub.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bu hadisəni böyük uğur adlandırıb.

"Bu uğur Türkiyənin dəniz ticarətindəki gücünü və limanlarının nə qədər rəqabətli olduğunu beynəlxalq arenada bir daha nümayiş etdirdi. Ambarlı, Kocaeli, Mersin və Tekirdağ limanlarının siyahıya daxil edilməsi ölkə iqtisadiyyatına və logistika sektoruna müsbət təsir göstərəcək və Türkiyənin qlobal ticarətdəki rolunu gücləndirəcək", - deyə nazir bildirib.

Qeyd edək ki, bu ilin iyun ayında Türkiyə limanları 5 min 658 gəmi qəbul edib. Bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 785, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 1 873 olub.

2023-cü ilin yanvar-iyun aylarında Türkiyə limanları 28 min 836 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 20 min 97, Türkiyə bayrağı altında olan gəmilər isə 8 min 739 olub.