Bakı. TurkicWorld:
Yarpaq və toxum kimi bitki hissələrinin əzilməsi və ya toz halına salınması ilə əldə edilən ədviyyatlar Anadoluda yeməklərin əvəzolunmaz ləzzətləri arasında olub. Yeməklərin və qida maddələrinin hazırlanmasında bir çox ədviyyatlardan istifadə edilib: Bibər, qara zirə, kabar (gebre) otu, kəklikotu, zirə, nanə və zəfəran.
Səlcuqlular dövründən başlayaraq türk mətbəxi həm Orta Asiya mətbəxinin, həm də köçlə əlaqəli ərəb və fars mədəniyyətindən götürülmüş elementlərin təsiri ilə öz mahiyyətini dəyişib. Anadoludakı xalqların mətbəx mədəniyyəti və coğrafiyaya xas üstünlüklər də əlavə olunduqda türk mətbəx mədəniyyəti zənginləşməyə başlayıb və buna görə də yemək növləri artıb.
Nahar vaxtı tox saxlayacaq qidalara üstünlük verilib, adətən xəmir məmulatları yeyilib. Səhər yeməyində süfrədə bal, bəkməz, üzüm və qarpız da olub. Günorta kim acsa, şərbətə, ayrana, meyvəyə müraciət edib, amma yemək yeməyib.
Şam yeməyi adətən günəş batmazdan əvvəl gündüz vaxtı tamamlanıb. Axşam yeməyində daha çox ət yeməklərinə üstünlük verilib və onların arasında ov əti öndə gedib. Yeməkdən sonra şirniyyatlar gətirilib və bir çox növ şirniyyatlar, xüsusən də halva yeyilib.
Tarix boyu türklərin milli yeməyi olaraq qeyd edilən tutmaç, Səlcuqların dönəmində Anadoluda məşhur bir şorbaya çevrilib.
Tutmaç və kəllə-paçadan başqa, mərci, tarhana, işkəmbə və kələm şorbaları da hazırlanıb.
Anadoluda Səlcuqlar dövründə hazırlanan əsas ət xörəkləri həris (kəskək), qaraciyər, güveç və kabab növləri olub. İnək və iribuynuzlu heyvanlarla yanaşı, qaz, ördək, xoruz, toyuq kimi quş ətin də müxtəlif yeməklərin hazırlanmasında istifadə edilib.
Anadoluda tez-tez istehlak edilən düyü, daha çox plov hazırlamaqda istifadə edilib. Plov həm gündəlik yemək zamanı, həm də ziyafətlərdə çox mühüm yer tutub. Bu dövrdə plov adi, bibərli və ətli hazırlanıb.
Türklər Anadoluya gəlməmişdən əvvəl balıq istehlak etsələr də, balığın mətbəx mədəniyyətinə və dəniz balıqçılığına daxil edilməsi türklərin Anadoluya gəlişindən sonra baş verib. Əslində türklər Anadoluya gəldikdən sonra bir çox balıq növləri ilə tanış olub, müxtəlif qızartma və ya yemək bişirmə üsullarını öyrəniblər.




