Bu 85 milyonluq Türk xalqının qələbəsidir - Elman Nəsirov (ÖZƏL)

Bu 85 milyonluq Türk xalqının  qələbəsidir - Elman Nəsirov (ÖZƏL)

Bakı, TurkicWorld:

Bu 85 milyonluq Türk xalqının qələbəsidir.

Bu sözləri TurkicWorld-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

O bildirib ki, proqnozlar özünü doğrultdu.

“Hər şey ikinci tur nəticələrindən asılı idi. Təxminlərin çoxu da Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsinə işarə idi. Xüsusilə də, keçmiş namizədlərdən biri Sinan Oğanın Rəcəb Tayyib Ərdoğanın tərəfinə keçməsi və öz seçicilərinə məhz Ərdoğana səsverməyə çağırması burada çox böyük rol oynadı. Bu seçkilərin nəticəsi həqiqətən də Türkiyədə Ərdoğana etimadın olduğunu sübut etdirdi”,- deyə o qeyd edib.

Onun sözlərinə görə, Ərdoğanın qalib gəlməsi təsadüfü deyil.

“Onun son 21 il ərzində Türkiyə üçün etdiyi misilsiz xidmətlərinin, fədakarlığının birbaşa nəticəsidir. Türkiyə son 21 il ərzində sözün əsl mənasında dünyanın güc mərkəzlərindən birinə çevrildi. O öz hərbi gücünə görə NATO-da ikinci dövlətdir. Türkiyə bu gün ən müasir hərbi texnologiyalara malikdir. Ölkə Ərdoğanın rəhbərliyi altında müasir dövrün ən inkişaf etmiş dövlətlərindən birinə çevrilib”,-deyə millət vəkili bildirib.

E.Nəsirov qələbəyə ən çox sevinənlərdən biri məhz Azərbaycan dövləti olduğunu deyib.

“Azərbaycan xalqı Ərdoğanın seçimindən olduqca məmnundur. Biz hamımız sevinc içindəyik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsinin ilk dəqiqələrindən Azərbaycanı yalnız qoymadı. Ən yüksək mənəvi və siyasi dəstək verdi. Dövlətlərimizin, xalqlarımızın dostluğu və qardaşlığı hər iki ölkənin tarixi naliyyətlərinin kökündə dayanan fundamental amillərdir”,- deyə o vurğulayıb.

Millət vəkili bildirib ki, növbəti beş il ərzində Türkiyə öz inkişafının daha böyük səviyyəsini yaşayacaq.

“Növbəti beş il ərzində mövqeyləri daha da möhkəmlənəcək. Ərdoğanın növbəti dəfə prezident seçilməsi Türkiyənin növbəti tarixi zəfəridir”,- deyə Elman Nəsirov qeyd edib.

@MXalilbekova

Mehriban Xəlilli