Millətimiz 14 mayda Kılıçdaroğlunun planlarını alt-üst etdi - Ərdoğan

Millətimiz 14 mayda Kılıçdaroğlunun planlarını alt-üst etdi - Ərdoğan

Bakı, TurkicWorld:

Millətimiz 14 mayda parlamentdə üstünlüyü Cümhur İttifaqına verərək müxalifət Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbəri Kamal Kılıçdaroğlunun planlarını alt-üst etdi.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada xalqa müraciəti zamanı deyib.

"Parlamentdə Cümhur İttifaqından 323 millət vəkili seçməklə xalq öz iradəsini bəyan etdi. Millətimiz 14 mayda Cümhur İttifaqı ilə yola davam etmək istədiyini bir daha göstərdi. Türkiyə yüzilini bizə inanan və dəstək olan millətimizlə birlikdə inşa edəcəyik. Parlament seçkilərində göstərdiyiniz dəstəyi mayın 28-də prezident seçkilərinin ikinci turunda da göstərəcəyinizə inanıram", - deyə prezident Ərdoğan əlavə edib.

R.T.Ərdoğan onu da bildirib ki, Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) 21 il ərzində ölkədə istiqrarı bərpa edib.

"Qərb dövlətlərindən afərin almağa çalışan CHP-dən fərqli olaraq AK Parti sadəcə Türkiyənin mənfəətlərini düşünür. Xalqımız FETÖ terrorçuları ilə əməkdaşlıq edənlərə inanmadıqlarını bir daha seçkilərdə göstərdi", - deyə o vurğulayıb.

Xatırladaq ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

Ləman Əsədli
Lamanasadli01