Sinan Oğanın Rəcəb Tayyib Ərdoğanı dəstəkləməsi ən düzgün qərardır – Azər Həsrət (ÖZƏL)

Sinan Oğanın Rəcəb Tayyib Ərdoğanı dəstəkləməsi ən düzgün qərardır – Azər Həsrət (ÖZƏL)

Bakı, TurkicWorld:

Sinan Oğanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı dəstəkləməsi ən düzgün qərardır, bu sözləri TurkicWorld-a özəl açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib.

“Qardaş Türkiyə çox ciddi seçim qarşısındadır. Ya bir tərəfdə Ərdoğanın hakimiyyətini davam etdirib ölkədəki sabitliyi, inkişafı irəli aparacaqlar, ya da digər tərəfdə müxalifət Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu başçılığı altında olan koalisiyaya səs verib Türkiyəni qeyri-sabitlik zolağına sürükləyəcəklər. Belə bir şəraitdə istənilən vətəndaş, o cümlədən, siyasi fəal şəxslər öz qərarını düzgün verməlidir”, - deyə A.Həsrət qeyd edib.

Siyasi şərhçinin sözlərinə görə, Sinan Oğanın Rəcəb Tayyib Ərdoğanı dəstəkləməsi təqdirəlayiq addımdır.

“Hər kəs bilir ki, S.Oğanın R.T.Ərdoğanı dəstəkləməsi Türkiyə prezidentinə elə də ciddi səs gətirməyəcək, lakin onun hakimiyyətinin bir qədər mökhəmlənməsinə az da olsa töhfə verəcək. Sinan Oğan bu qərarı ilə ölkənin sabit inkişaf yolunun davam etdirilməsinə öz töhfəsini verdi”, - deyə o vurğulayıb.

A.Həsrət onu da bildirib ki, Ata İttifaqının dağılması, yaxud Sinan Oğanın dəstəkçilərinin bu qərara narazılığı gözlənilən idi.

“Bəlli müddət ərzində Sinan Oğana qarşı qaralama kampaniyası da davam edəcək. Artıq bu dünəndən müşahidə edilir. Təbiidir ki, bu vəziyyətdən faydalanmağa çalışan 3-cü qüvvələr də boş dayanmayacaq. Bu baxımdan, Sinan Oğanın bu mərhələdən daha da möhkəmlənərək çıxacağına heç bir şübhəm yoxdur. Türkiyə xalqının bu mərhələdə özünü toparlayaraq ölkənin sabit inkişafına səs verməsi vacibdir və bu sabit inkişaf Rəcəb Tayyib Ərdoğan olmadan mümkün deyil”, - deyə A.Həsrət əlavə edib.

Qeyd edək ki, Sinan Oğan dünən prezident seçkilərinin ikinci turunda Rəcəb tayyib Ərdoğanı dəstəklədiyini açıqlayıb.

Xatırladaq ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

Ləman Əsədli

lamanasadli01