Türkiyə yeni dünya düzənində əsas oyunçu olmaq istəyindədir - Mustafa Şentop

Türkiyə yeni dünya düzənində əsas oyunçu olmaq istəyindədir - Mustafa Şentop

Bakı, TurkicWorld:

Türkiyə yeni dünya düzənində əsas tərəf olmaq yolundadır, TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bildirib.

O, həmçinin qeyd edib ki, Türkiyənin yeni dünya düzənində əsas tərəf olmasının başlanğıcı məhz 28 may tarixində keçiriləcək seçkilərdir.

"Milli mənfəətlərini üstün tutan, öz gələcəyi ilə bağlı qərarını özü verən müstəqil türk xalqının 14 may tarixində keçirilən seçkilərdə Cümhur İttifaqı və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana üstünlük verməsi onların müxalifət Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun boş vədlərinə inanmadığını göstərdi", - deyə Şentop əlavə edib.

Xatırladaq ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

Ləman Əsədli

lamanasadli01