Bakı, TurkicWorld:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi ilk növbədə, Türk dövlətləri arasında hərbi, iqtisadi, mədəni əlaqələrin daha da gücləndirilməsi və hər şeydən əvvəl Zəngəzur dəhlizinin başa çatdırılması ilə ərazi bütövlüyünün bərqərar olması baxımından yeni dövrün başlanğıcı olacaq, bu sözləri TurkicWorld-a özəl açıqlamasında Türkiyəli siyasi ekspert Can Acun deyib.
“Türkiyənin müxalifət Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun “İpək Yolu” adlandırdığı layihədə istifadə etdiyi marşruta Azərbaycanı daxil etməməsi Türkiyə ictimaiyyətində böyük əks-səda yaratdı və bu, iqtidarın Türk dünyası yaratmaq anlayışına tamamilə zidd kimi qəbul edildi. Türkiyə Azərbaycanın Qarabağ zəfərindən sonra Zəngəzur dəhlizi ilə Türk dünyası arasında ərazi bütövlüyünün yaradılmasını böyük strateji prioritet hesab edir”, - deyə C.Acun əlavə edib.
Onun sözlərinə görə, K.Kılıçdaroğlu Azərbaycana bu cür yanaşmanı ilk dəfə nümayiş etdirmir.
“Bu baxımdan, K.Kılıçdaroğlunun ikinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana dəstəyini tənqid edən kadrlarını xatırlamaq lazımdır. Bundan əlavə, görünür ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasında sıx dostluq və qardaşlıq münasibətləri Kılıçdaroğlunu narahat edib”, - deyə ekspert vurğulayıb.
O, həmçinin qeyd edib ki, R.T.Ərdoğanın seçkilərdə qalib gələrək hakimiyyətini qoruyub saxlaması onun türk dünyasına dəstəyinin daha da güclənməsi deməkdir.
“R.T.Ərdoğanın yenidən prezident seçilməsi Türkiyənin böyük gücə çevrilmə yolunda irəliləməsini daha da sürətləndirəcək, həmçinin, Türkiyənin bu cür böyük iddiaları başda Azərbaycan olmaqla, digər türk dövlətləri ilə birlikdə yeni mərhələyə keçəcək”, - deyə C.Acun bildirib.
Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkilərinin ilk turu mayın 14-də keçirilib.
Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,5%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.
Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.
Ləman Əsədli
Twitter: lamanasadli01






